ABŞ və Avropa Ukrayna ilə Rusiya üçün sülh planı hazırlayır– Ərazi güzəştləri gündəmdə

ABŞ və Avropa ölkələri Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün yeni sülh təklifi üzərində işləyirlər. Plan hər iki ölkəyə iqtisadi üstünlüklər və təhlükəsizlik təminatları verilməsini, eyni zamanda ərazi məsələsinin həlli üçün zəmin yaradılmasını nəzərdə tutur. Lakin təklifin reallaşması hər iki tərəfin indiyədək irəli sürdüyü hərbi məqsədlərdən geri çəkilməsini tələb edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə The Washington Post nəşri danışıqlarla tanış olan ABŞ rəsmisinə istinadən yazıb. Məlumata görə, plan cümə günü ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun villasında keçirilən altı saatlıq görüşdə müzakirə olunub. Görüşdə Ukrayna, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələri iştirak ediblər.

Görüş zamanı Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma barədə xəbərlər gündəmin əsas mövzusuna çevrilsə də, Vaşinqton Ukrayna və Rusiyaya müharibədən sonrakı vəziyyətin necə ola biləcəyini göstərməyə çalışır. ABŞ rəsmisinin fikrincə, məqsəd tərəfləri hazırda qəbul etmək istəmədikləri ərazi güzəştlərinə razı salmaqdır.

Sülh planı dörd əsas istiqaməti əhatə edir

The Washington Post nəşrinin mənbəsinin sözlərinə görə, planın Vladimir Putinə əsas mesajı belədir: Ukrayna ilə müharibəni dayandırmaqla kifayətlənməyin, həm də Avropa ilə regionda sabitliyi bərpa etməyə imkan verəcək iqtisadi və təhlükəsizlik sazişi bağlayın.

Bu məqsədlərdən biri Rusiya, Ukrayna və Avropa arasında enerji sahəsində razılaşma əsasında iqtisadi inteqrasiyanın yaradılmasıdır. Təklif çərçivəsində Rusiya nefti və qazını Avropaya nəql edəcək boru kəmərindən istifadə oluna bilər. Bu halda tədarükdən əldə edilən gəlirlərin Rusiya ilə Ukrayna arasında bölüşdürülməsi nəzərdə tutulur.

ABŞ rəsmisinin sözlərinə görə, belə bir boru kəməri Avropanın enerji xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin söhbətin konkret hansı boru kəmərindən getdiyi açıqlanmır.

Putin müharibəyə başlamazdan əvvəl Rusiya neft və qazı bir neçə marşrutla, o cümlədən Ukrayna ərazisindən keçməklə Avropaya çatdırırdı. Müharibədən əvvəl tikilmiş “Şimal axını-2” qaz kəməri isə Almaniya tərəfindən sertifikatlaşdırılmayıb.

Reuters agentliyinin beş məlumatlı mənbəyə istinadən yazdığına görə, son vaxtlar ABŞ və Rusiya nümayəndələri “Şimal axını” kəmərinin mümkün yenidən fəaliyyətə başlaması üçün amerikalı investorun cəlb edilməsini də müzakirə ediblər.

Sülh sazişinin digər mühüm müddəası Rusiyanın Avropa enerji bazarına uzunmüddətli çıxışının təmin edilməsi ilə yanaşı, iqtisadi sanksiyaların hansı qaydada və nə vaxt ləğv olunacağının müəyyənləşdirilməsidir.

Ukraynanın bərpasına maliyyə dəstəyi

Planın ikinci istiqaməti Ukraynanın bərpasına yardımı nəzərdə tutur. Dünya Bankı və ABŞ-ın investisiya idarəetmə şirkəti BlackRock ölkənin çoxsaylı maliyyə ehtiyaclarını qarşılamaq üçün mexanizm yaratmaq niyyətindədir.

Bu mexanizmin əsas məqsədləri dağıdılmış ərazilərin bərpası, həlak olan və yaralanan hərbçilərin ailələrinə ödənişlərin edilməsi, eləcə də müharibədən zərər çəkmiş iqtisadiyyatın yenidən qurulmasıdır.

Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təminat verilə bilər

Planın üçüncü istiqaməti təhlükəsizlik təminatları ilə bağlıdır. Təklifə əsasən, ABŞ və Avropa ölkələri Ukraynaya Rusiyanın gələcəkdə yenidən hücum edəcəyi təqdirdə ona silahlı müdafiə dəstəyi göstərəcəklərinə dair təminat verə bilərlər.

ABŞ rəsmisinin sözlərinə görə, bu yardım NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bərabər səviyyədə ola bilər.

Rusiya da öz növbəsində Avropa ölkələri ilə təhlükəsizlik sahəsində sazişlər bağlaya bilər. Bu razılaşmalar Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmağa yönələcək. Lakin həmin təminatların konkret nələri əhatə edəcəyi hələ məlum deyil.

Ərazi məsələsi ən çətin problem olaraq qalır

Sülh planının ən mürəkkəb hissəsi ərazi güzəştləri ilə bağlıdır. Təklifə əsasən, Rusiya hazırkı cəbhə xətti boyunca atəşkəsə razılaşmalıdır.

Bu, Ukrayna üçün işğal altındakı ərazilərin Rusiya nəzarətində qalması demək olacaq. Rusiya üçün isə müharibə nəticəsində Ukraynanın bütün ərazisini ələ keçirə bilməmək və Donbasın hələ nəzarətinə keçməyən hissəsindən də imtina etmək anlamına gələcək.

Putin indiyədək Donbasın Rusiyanın nəzarətinə keçməyən əraziləri ona verilmədiyi təqdirdə hərbi əməliyyatları dayandırmaqdan qəti şəkildə imtina edib.

Kremlə yaxın mənbə Reuters agentliyinə bildirib ki, Putin yalnız Donbasın qalan 11 faizini əldə etdikdən sonra danışıqlar masasına qayıda bilər. Mənbənin sözlərinə görə, Rusiya prezidenti həmin əraziyə nəzarəti ölkə daxilində qələbə kimi təqdim etmək istəyir.

Müharibənin gedişatı ilə bağlı əvvəlki qiymətləndirmələr də Donbas uğrunda mübarizənin uzun müddət davam edə biləcəyini göstərir. Müharibə Araşdırmaları İnstitutunun (ISW) daha əvvəlki təhlilində Rusiyanın Donbası tam ələ keçirməsinin 2032-ci ildən tez baş verməyəcəyi ehtimalı irəli sürülmüşdü.

Avropa Trampın enerji razılaşmasından narazıdır

Avropa liderləri Trampın Rusiya ilə dizel yanacağına dair razılaşmasından narazı qalıblar. Onların narahatlığını artıran əsas məqamlardan biri ABŞ prezidentinin Kiyevdən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etməsi, bunun müqabilində isə Ukraynaya konkret təminat verilməməsidir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın da Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını tələb edirdi.

Lakin Trampın mövqeyi ilə tanış olan şəxs The New York Times nəşrinə bildirib ki, ABŞ prezidenti dizel razılaşmasından sonra enerji atəşkəsi elan edərkən yalnız neft emalı zavodlarını nəzərdə tutub. Halbuki Ukraynanın neft emalı imkanları müharibənin ilk dövrlərində, demək olar ki, tamamilə məhv edilmişdi.

Buna baxmayaraq, Avropa ölkələri Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi diplomatik prosesi davam etdirmək niyyətində görünürlər.

“Hazırda gərginliyi azaltmaq və işə qayıtmaq lazımdır”, – deyə avropalı diplomat The Washington Post nəşrinə bildirib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.