Çinin premium avtomobillərinin bərpa xərcləri Avropa modellərinin təmir qiymətlərinə sürətlə yaxınlaşır, bəzi hallarda isə 12 min dollara çatır.
Bu barədə avtomobil eksperti İvan Trandin “Rossiyskaya qazeta”ya açıqlamasında bildirib.
Mütəxəssislər ilin ilk yarısı üzrə KASKO sığortası ödənişlərini təhlil edərək müəyyənləşdiriblər ki, Çində istehsal olunan ən bahalı yolsuzluq avtomobillərinin təmirinə çəkilən orta xərc artıq Avropanın premium avtomobilləri ilə eyni səviyyəyə çatıb.
Populyar Çin avtomobilləri arasında ən yüksək orta təmir xərcləri hibrid Voyah Free, eləcə də Jaecoo J8 və Chery Tiggo 9 modellərində qeydə alınıb.
Trandinin sözlərinə görə, bərpa xərclərinin yüksək olması mürəkkəb elektron sistemlərin, matris tipli faraların və pnevmatik asqının geniş istifadəsi ilə bağlıdır. Hətta kiçik toqquşmalardan sonra belə bu sistemlərin yenidən kalibrlənməsi bahalı xidmət tələb edir.
Çindən orijinal ehtiyat hissələrinin gətirilməsinin uzun vaxt aparması və bazarda ucuz alternativlərin olmaması vəziyyəti daha da çətinləşdirir. Nəticədə avtomobil sahibləri rəsmi dilerlərin xidmətlərindən istifadə etməyə məcbur qalırlar.
İqtisadçı Viktor Manqazeyev vurğulayır ki, zahirən kiçik görünən yol-nəqliyyat hadisəsi belə gizli elektron blokların dəyişdirilməsi və sonradan sazlanması zərurəti səbəbindən böyük xərc yarada bilər.
Bununla belə, kütləvi bazar üçün nəzərdə tutulan Çin krossoverlərinin sığorta şirkətləri üçün yaratdığı xərclər hələlik daha aşağıdır. Bu avtomobillər adi xarici analoqlarla təxminən eyni səviyyədədir.
Lakin Trandinin iddiasına görə, sığorta şirkətləri Çin istehsalı premium avtomobillərin təmir xərclərinin ümumi artım tendensiyasını artıq müşahidə edirlər. Yaxın vaxtlarda belə avtomobillərin sahibləri üçün sığorta tariflərinə yenidən baxılması mümkündür. Ekspertlər xəbərdarlıq edirlər ki, Çinin premium avtomobilləri saxlanılması və təmiri baha başa gələn nəqliyyat vasitələri sırasına daxil olub.
Gələcəkdə ehtiyat hissələri anbarlarının və müstəqil servis mərkəzlərinin yaranması belə yüksək texnologiyalı hibrid və elektromobillərin təmirini, çətin ki, həqiqətən ucuzlaşdırsın. Alıcılara avtomobili salondan alarkən yalnız ilkin qiyməti deyil, həm də ilk ciddi yol-nəqliyyat hadisəsi zamanı yarana biləcək maliyyə itkilərini diqqətlə hesablamaq tövsiyə olunur.