Doymuş yağların bir hissəsini doymamış yağlarla əvəz etmək “pis” xolesterinin səviyyəsini azaltmağa və ürək sağlamlığını qorumağa kömək edir. Bununla belə, yağları qida rasionundan tamamilə çıxarmaq lazım deyil.
Bu barədə Medical Xpress-ə istinadən “İzvestiya” məlumat yayıb.
Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Məktəbinin professoru Yikun Park bildirib ki, zeytun, soya və raps yağlarına, avokadoya, qoz-fındığa, toxumlara və balığa üstünlük vermək lazımdır. Kərə yağı, yağlı süd məhsulları və bəzi qırmızı ət növlərinin isə istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.
Ekspert qeyd edib ki, kokos və palma yağları bitki mənşəli olmasına baxmayaraq, çoxlu doymuş yağ ehtiva edir və zeytun yağı ilə eyni dərəcədə faydalı alternativ hesab edilə bilməz.
Mütəxəssis dəyişikliklərə yemək hazırlayarkən duru bitki yağlarına üstünlük verməklə başlamağı tövsiyə edib. O, həmçinin qırmızı ət və pendirlə hazırlanan yeməklərin əvəzinə tərəvəzlə birlikdə balıq və ya quş əti bişirməyi məsləhət görüb.
Bununla belə, Park sevimli qidalardan tamamilə imtina etməyə çağırmır. Onun sözlərinə görə, kərə yağından və ya mal piyindən arabir istifadə etmək mümkündür. Əsas məsələ gündəlik qidalanmanın ümumi balansını qorumaqdır.
Ekspert raps və qarğıdalı yağları da daxil olmaqla, toxumlardan alınan yağların əvəzolunmaz yağ turşuları ilə zəngin olduğunu və zərərli hesab edilməməli olduğunu vurğulayıb.
Hazır qidaları seçərkən isə yalnız yağ tərkibinə deyil, məhsulun bütün inqrediyentlərinə diqqət yetirmək lazımdır. Xüsusilə duzun və əlavə edilmiş şəkərin həddindən artıq olmasını nəzərə almaq vacibdir.