Saudi Aramco-nun ofisi yaxınlığında partlayışlar –Yanğın və təxliyə barədə məlumatlar var

Səudiyyə Ərəbistanının Dəhran şəhərində, neft şirkəti Saudi Aramco-nun qərargahının yaxınlığında çərşənbə axşamı axşam saatlarında güclü partlayışlar baş verib.

Reuters agentliyinin mənbələrinin məlumatına görə, binaya zərbə dəymiş ola bilər və içəridə yanğın başlayıb. Şirkət bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.

Altı mənbə Reuters-ə Aramco-nun qərargahı yaxınlığında güclü partlayış səslərinin eşidildiyini bildirib. Mənbələrdən birinin sözlərinə görə, binada yanğın başlayıb. Daha dörd mənbə isə orada olan insanların təxliyə edilməsinə göstəriş verildiyini bildirib.

Vəziyyətlə birbaşa tanış olan mənbə agentliyə qərargahın hücuma məruz qaldığını deyib. Bununla belə, sursatın birbaşa binaya düşdüyü, yoxsa dağıntıların qalıqlarının düşməsi nəticəsində zərərin yarandığı hələ məlum deyil.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Dəhranda raket vasitələrinin ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. Bildirilib ki, onların qalıqları yaşayış məhəlləsinə düşüb. Koalisiya əlavə təfərrüat açıqlamayıb.

Reuters-in mənbəsinin məlumatına görə, Aramco əməkdaşlarına çərşənbə günü evdən işləmək tapşırılıb.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti ölkənin paytaxtı Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib. Bundan sonra şəhərdə də güclü gurultu eşidilib.

Rəsmi qurumlar və Saudi Aramco şirkəti qərargaha mümkün hücumun təfərrüatlarını hələlik təsdiqləməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.