Bakı Funikulyorunun gedişhaqqı, iş saatları və ictimai nəqliyyat sisteminə inteqrasiyası məsələsi yenidən gündəmə gəlib.
Azpost.info bildirir ki, nəqliyyat, logistika və şəhərsalma üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, funikulyor yalnız turistik attraksion kimi deyil, şəhərin gündəlik sərnişindaşıma şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərməlidir.
Ekspertin sözlərinə görə, cəmi 455 metr məsafəni təxminən 2 dəqiqəyə qət edən Bakı Funikulyorunda bir gediş 1 manatdır və nəqliyyat vasitəsi 15 dəqiqəlik intervalla işləyir. Lakin əsas məsələ yalnız qiymət deyil, funikulyorun şəhərin ümumi mobillik sistemindən kənarda qalmasıdır.
455 metrə 1 manat: Tarif necə əsaslandırılır?
Müqayisə üçün qeyd edək ki, Bakı metrosunun 40,7 kilometrlik şəbəkəsində bir gedişin qiyməti 60 qəpik, 42 kilometrlik Bakı–Sumqayıt dəmir yolu xəttində isə 1,20 manatdır.
Bu fonda funikulyorda cəmi 455 metrlik məsafəyə görə 1 manat ödənilməsi tarifin iqtisadi baxımdan necə əsaslandırıldığı sualını yaradır.
Təbii ki, nəqliyyat növlərinin istismar xərcləri, sərnişin tutumu və texniki xüsusiyyətləri fərqlənir. Buna görə tarifləri yalnız məsafəyə əsasən müqayisə etmək kifayət deyil. Bununla belə, ekspertin fikrincə, funikulyorun qiyməti və digər nəqliyyat vasitələri ilə əlaqəsi vahid sistem çərçivəsində nəzərdən keçirilməlidir.
Funikulyorun iş saatları uzadıla bilərmi?
Rauf Ağamirzəyevin diqqət çəkdiyi digər məsələ funikulyorun iş rejimidir. Hazırda nəqliyyat vasitəsi saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir və nahar fasiləsində bir saatlıq fasilə verir. Ekspert hesab edir ki, müasir ictimai nəqliyyat sərnişinlərin ehtiyaclarına uyğunlaşmalıdır. İnsanlar nəqliyyatın iş saatlarına uyğun öz hərəkətlərini planlaşdırmaq məcburiyyətində qalmamalıdırlar. Bu baxımdan o, funikulyorun iş saatlarının səhər 06:00-dan gecə 00:00-dək genişləndirilməsini təklif edir. Eyni zamanda, 15 dəqiqəlik intervalın sərnişin tələbatına uyğun optimallaşdırılmasını vacib sayır.
Vahid ödəniş sistemi və ümumi nəqliyyat şəbəkəsi
Ekspertin təklifləri bununla məhdudlaşmır. O, Bakı Funikulyorunun tarifinin ümumi ictimai nəqliyyat sistemi ilə uzlaşdırılmasını və vahid ödəniş sisteminə inteqrasiyasını təklif edir.
Digər təklif isə gələcəkdə tətbiqi nəzərdə tutulan brutto müqavilələr çərçivəsində funikulyorun vahid nəqliyyat şəbəkəsinin tərkib hissəsi kimi nəzərdən keçirilməsidir. Belə müqavilə modelində operatora ödəniş yalnız sərnişinlərdən toplanan gəlirlə deyil, müqavilədə müəyyənləşdirilmiş xidmət şərtləri əsasında həyata keçirilir.
Bu yanaşma nəqliyyat vasitələrinin fəaliyyətinin ayrı-ayrılıqda deyil, ümumi şəbəkənin ehtiyacları əsasında planlaşdırılmasına imkan yarada bilər.
Funikulyor turistik obyekt olmaqla yanaşı, nəqliyyat vasitəsi də ola bilər
Bakı Funikulyoru Dənizkənarı Bulvarı şəhərin yuxarı hissəsi ilə və Şəhidlər xiyabanı istiqamətində hərəkətlə əlaqələndirən mühüm nəqliyyat vasitəsidir. Ekspertin fikrincə, funikulyorun potensialını yalnız turistlərə xidmət göstərən attraksion kimi qiymətləndirmək düzgün deyil. O, gündəlik sərnişindaşıma infrastrukturunun bir hissəsi kimi də nəzərdən keçirilməlidir.
Bunun üçün iş saatları, hərəkət intervalları, tarif siyasəti və digər nəqliyyat növləri ilə əlaqə birlikdə təhlil edilməlidir. Sərnişinlər üçün rahat keçid və vahid ödəniş imkanları yaradılarsa, funikulyorun şəhər mobilliyində rolu arta bilər.
Rauf Ağamirzəyevin yanaşmasına görə, şəhər nəqliyyatının əsas prinsipi sadədir: müxtəlif nəqliyyat növləri ayrı-ayrılıqda deyil, vahid sistem kimi işləməlidir.
