Türkiyə ilə Avropa İttifaqı Gömrük İttifaqını yeniləyir –Yeni razılaşma nə vəd edir?

Türkiyə və Avropa İttifaqı (Aİ) Gömrük İttifaqı haqqında sazişin yenilənməsi ilə bağlı müzakirələrdə irəliləyiş əldə edirlər. Tərəflər elektron ticarət, dövlət satınalmaları, investisiyalar və kənd təsərrüfatı məhsulları da daxil olmaqla, bir sıra istiqamətlər üzrə dəyişiklikləri nəzərdən keçirirlər.

“Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Brüsselə səfəri zamanı bildirib.

Nazirin sözlərinə görə, son 30 ildə Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsi 11 dəfə artaraq rekord həddə – 233 milyard dollara çatıb. Bolat vurğulayıb ki, sıx iqtisadi əlaqələrin qorunması hər iki tərəf üçün vacibdir.

O bildirib ki, iyulun sonunda qəbul edilmiş yeni Türkiyə dövlət satınalmaları qanunu da nəzərə alınmaqla, ikitərəfli təhlil başa çatdırılıb. Avropa Komissiyasının nümayəndələri ilə texniki danışıqlar artıq aparılır.

Bununla belə, bəzi üzv dövlətlərin mövqeyinə görə, Aİ Şurası hələlik Avropa Komissiyasına Gömrük İttifaqının modernləşdirilməsi ilə bağlı danışıqlara başlamaq üçün rəsmi mandat verməyib.

“Biz ayrı-ayrı istiqamətlər üzrə irəliləyirik. Çünki müvafiq məsələlər artıq gündəliyə daxil edilib və Avropa Komissiyasının nümayəndələri bizimlə danışıqlar aparırlar”, – deyə Bolat bildirib.

Türkiyə Avropa sənaye qanunvericiliyində maraqlarının nəzərə alınmasını istəyir

Nazir Avropanın sənaye inkişafını sürətləndirmək məqsədi daşıyan Industrial Accelerator Act (IAA) qanun layihəsi ilə bağlı məsləhətləşmələrdən də danışıb. Onun sözlərinə görə, Türkiyə son bir il ərzində sənəd hazırlanarkən öz maraqlarının nəzərə alınmasına çalışır.

Ankara qanunun bəzi müddəalarının gələcək investisiyalara təsir göstərə və xüsusilə avtomobil sənayesi ilə elektromobil sektorunda inteqrasiya olunmuş istehsal zəncirlərini poza biləcəyindən narahatdır.

Bolat həmçinin Aİ-nin rəqəmsal ticarət sahəsində qanunvericilik hazırlayarkən Türkiyə ilə məsləhətləşmələr apardığını bildirib. Onun sözlərinə görə, Türkiyə Avropada yaxın vaxtlarda tətbiq edilən hər bağlamaya görə 3 avro məbləğində rüsumdan azaddır.

Nazir qeyd edib ki, Brüsseldə bir çox avropalı rəsmi Türkiyənin “Avropa İttifaqında istehsal edilib” (Made in EU) sisteminə daxil edilməsini zəruri sayır. Lakin Aİ üzvü olan ölkələrin iqtisadi maraqlarındakı fərqlər bu istiqamətdə qərarların qəbulunu çətinləşdirir.

Bolat son üç ayda rəsmi səfərlə üç dəfə Brüsseldə olduğunu, bundan əvvəlki il ərzində isə beş səfər həyata keçirdiyini bildirib. O, danışıqların müsbət nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.