“ATƏT-in həmsədrləri bəyanat veriblər. Lakin onlar Ermənistanın mövqeyini pisləməlidirlər”.
Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, hələlik bu bəyanatlar ümumi xarakter daşıyır: “Artıq yetər. İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə də məsuliyyət düşür”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib: “Ancaq Ali Baş Komandanın rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç etdi”. Hacıyev nəzərə çatdırıb ki, Ermənistan döyüşdəki itkilərini gizlədir: “Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Artıq yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”.