ABŞ Hərbi Dəniz Qüvvələri İran tərəfindən Hörmüz boğazında yerləşdirildiyi bildirilən dəniz minalarının məhv edilməsi üçün özünün qabaqcıl imkanlarından istifadə edib.
Əməliyyat barədə məlumatlı iki amerikalı rəsminin sözlərinə görə, ABŞ hərbçiləri İranla Oman arasındakı Hörmüz boğazının mərkəzi gəmiçilik marşrutunda yerləşdirilən minaları aşkar edərək zərərsizləşdiriblər.
Bu barədə “Axios” məlumat yayıb.
100-dən çox şübhəli obyekt aşkarlanıb
ABŞ rəsmilərinin açıqlaması daha əvvəl ABŞ Prezidenti Donald Trampın verdiyi məlumatı təsdiqləyir. Tramp beynəlxalq sularda minaların aşkar edildiyini və onların ya çıxarıldığını, ya da zərərsizləşdirildiyini bildirmişdi.
Mənbələrin məlumatına görə, son aylarda ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı pilotsuz aparatları həmin ərazini mütəmadi olaraq müşahidə edib.
Nəticədə mina ola biləcək 100-dən çox obyekt aşkarlanıb.
ABŞ hərbçiləri onların axtarılması, sudan çıxarılması və zərərsizləşdirilməsi üçün öz qüvvələri ilə yanaşı, özəl şirkətlərin imkanlarından da istifadə ediblər.
Tramp İrana xəbərdarlıq edib
Daha əvvəl bildirildiyi kimi, Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyini Hörmüz boğazında yeni dəniz minalarının yerləşdirilməsi planlarından imtina etməyə çağırıb.
ABŞ Prezidenti həmçinin bildirib ki, Vaşinqton daha əvvəl dağıdılmış İranın nüvə obyektlərinə, o cümlədən “Piks” obyektinə və daha üç nüvə obyektinə nəzarəti davam etdirir.
Hörmüz boğazında minaların aşkarlanması xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki bu su yolu dünya enerji daşımalarının əsas marşrutlarından biridir və burada gəmiçiliyin təhlükəsizliyinə yaranan hər hansı ciddi təhdid neft bazarında yeni qiymət artımına səbəb ola bilər.