“ABŞ Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağla bağlı məsələdə Rusiya ilə qarşılıqlı fəaliyyətimizi davam etdirmək istəyir”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan “Dojd” telekanalına verdiyi müsahibədə deyib.
Səfir bildirib ki, ABŞ və Rusiya arasında əməkdaşlıq imkanları bir çox məsələləri həll etmək üçün birgə işləmək perspektivini arxaya atmır. Səfir problemli məsələlərin çox olduğunu vurğulayıb.
Sallivanın sözlərinə görə, hazırda ABŞ administrasiyasında Rusiya ilə əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün hərtərəfli birgə fəaliyyət planı hazırlanır. Səfir ABŞ və Rusiyanın ciddi və tutumlu dialoq apardığı sahələrdən biri kimi Dağlıq Qarabağın adını çəkib.
“Bu yaxınlarda mən həmkarım, Fransa səfiri ilə Rusiya XİN-in brifinqində idik. ABŞ, Fransa və Rusiya Minsk Qrupu adlandırılan qrupun həmsədrləridir. Bu brifinqdə bizi Dağlıq Qarabağda baş verən proseslərlə və Azərbaycanla Ermənistan arasında bitən münaqişə barədə məlumatlandırdılar. Bu, ABŞ və Rusiyanın, indiki halda Fransanın həmsədr kimi qarşılıqlı fəaliyyət sahəsinə dair daha bir nümunədir. Biz bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyətimizi davam etdirmək istəyirik”.
ABŞ səfiri bildirib ki, ABŞ-la Rusiya arasında fikir ayrılığı olan bir çox geopolitik məsələlər var. O bu sırada Ukraynanın adını çəkib. Bununla yanaşı səfir bütün məsələlər üzrə dialoqun davam etdirilməsinin mühüm olduğunu vurğulayıb.
Azpost.info