Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən sözügedən ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verilib.
Vaqif Cavadovun sözlərinə görə, Agentlik tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
“Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, – məlumatda qeyd olunub.