Avropa İttifaqı üzv ölkələrə Rusiya və Belarusdan qaz idxalını əngəlləmək səlahiyyəti verəcək.
Azpost.info xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.
Brüsselin təklif etdiyi sənəd layihəsinə əsasən, istənilən Aİ ölkəsi Rusiya və Belarus şirkətlərinin öz qaz kəmərlərinə və mayeləşdirilmiş təbii qaz terminallarına çıxışını qadağan edə biləcək.
Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, təklif blokun enerji şirkətlərinə böyük təzminat ödəmədən Rusiya təchizatçıları ilə əlaqələri kəsmək üçün əsas ola bilər.
Brüssel ölkələrə milli maraqların qorunması zərurəti yarandıqda Rusiya və Belarus şirkətlərinin qaz nəqli sisteminə çıxışını qismən və ya əsaslandırıldığı halda tamamilə məhdudlaşdırmağa icazə verməyi təklif edib.
Aİ ölkələri və Avropa Parlamentinin sənədə dekabrın 8-i cümə günü baxacağı gözlənilir.
“Eurostat”ın məlumatına görə, bu ilin üçüncü rübündə Aİ-yə ümumi qaz idxalının təxminən 12 faizi Rusiyanın payına düşüb.
Azpost.info