Ailə üzvlərini öldürmüş Əhməd barədə istintaq yekunlaşdı –QƏRAR /RƏSMİ

5 nəfər ailə üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun barəsində cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əvvəlki məqalə

Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Sonrakı məqalə

Hikmət Hacıyev NATO Daimi Nümayəndə Müavinləri Komitəsinin iclasında iştirak edib