“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsinə dəstək” layihəsi cəmiyyətdə ənənəvi ailə dəyərlərinin qorunması, nəsillərarası dialoqun gücləndirilməsi, yaşlı nəslin zəngin həyat təcrübəsinin görünən və dəyərli resurs kimi təqdim edilməsi, eləcə də müxtəlif yaş qrupları arasında qarşılıqlı anlaşma və həmrəyliyin təşviqi məqsədilə hazırlanmış maarifləndirici media layihəsidir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində hazırlanan podkastlarda cəmiyyət üçün aktual olan nəsillərarası ünsiyyət maneələri, münasibətlərdə doğru hesab etdiyimiz yanlış yanaşmalar, stereotiplər, yaşlı nəslə qayğı, ailədaxili kommunikasiya, valideyn–övlad münasibətlərində ənənəvi və müasir baxışların vəhdəti, həmçinin yaşlı insanların cəmiyyətdə dəyişən rolu kimi mövzular geniş şəkildə müzakirə olunur.
Hər buraxılışda müxtəlif baxışlar və real həyat təcrübələri əsasında mövzular təhlil edilir, cəmiyyət üçün faydalı mesajlar paylaşılır və sağlam ünsiyyət mədəniyyətinin formalaşmasına töhfə verən praktik yanaşmalar təqdim olunur.
Layihənin əsas məqsədi ailə dəyərlərinin möhkəmləndirilməsinə dəstək vermək, nəsillər arasında qarşılıqlı hörmət, anlayış və sağlam ünsiyyəti təşviq etməkdir. Podkast seriyası ailədaxili münasibətlərin gücləndirilməsinə, valideyn–övlad və müxtəlif nəsillər arasında açıq dialoqun inkişafına, yaşlı nəslin həyat təcrübəsinin, bilik və dəyərlərinin gənc nəslə ötürülməsinə xidmət edir.
Bununla yanaşı, layihə yaşlı insanların cəmiyyətin və ailənin ayrılmaz, dəyərli üzvləri olduğunu ön plana çıxarmağı, yaşlanma ilə bağlı mövcud stereotiplərin aradan qaldırılmasına, nəsillərarası həmrəyliyin gücləndirilməsinə və ailə institutunun möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyir.
Layihənin nəticəsi olaraq nəsillərarası münasibətlərə dair ictimai məlumatlılığın artırılması, yaşlı nəslə münasibətdə müsbət yanaşmanın formalaşdırılması, ailədaxili ünsiyyətin əhəmiyyətinin daha geniş auditoriyaya çatdırılması və müxtəlif yaş qrupları arasında qarşılıqlı empatiya və anlaşmanın güclənməsi gözlənilir.
Podkastlar “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Layihənin podkast buraxılışları ilə təşkilatın YouTube kanalında tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=grewrm47fZ8