“Teatr Xadimləri İttifaqının rəhbərliyinə İsrafil İsrafilov gətirilməlidir” –XALQ ARTİSTİ CAHANGİR NOVRUZOV

Son günlər mətbuatda və sosial şəbəkələrdə Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının rəhbərliyinə kimin gətiriləcəyi ilə bağlı müxtəlif fikirlər dolaşır.

Gedən müzakirələrlə bağlı Azərbaycanın Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun fikirlərini öyrəndik. Azərbaycanda baş verən teatr proseslərini izləyən sənət xadimi düşüncələrini Azpost.info ilə bölüşüb.

-Cahangir müəllim, Azərpaşa Nemətovun vəfatından sonra Azərbaycanın teatr mühitində hər kəsi bir sual maraqlandırır. Akademik Milli Dram Teatrına və Teatr Xadimləri İttifaqına kim rəhbərlik edəcək? Sizin fikirlərinizi bilmək çox maraqlı olar…

-Azərbaycan mətbuatını və sosial şəbəkələrdə gedən yazıları müntəzəm olaraq mən də izləyirəm. Bir neçə gün əvvəl təsadüfən internetdə aktyor Kamran Yunisin Azər Paşa Nemətovun vəfatından sonra (Allah ona rəhmət eləsin) Akademik Milli Teatrı və Teatr Xadimləri İttifaqımızı kimin idarə edə biləcəyi barədə yazısını oxudum. Kamran Yunis Milli Teatrın rəhbərliyinə professor İsrafil İsrafilovun gətirilməsinin tərəfdarıdır. Onun bu fikri və təklifini, İsrafil İsrafilova olan etimadını mən də bəyənirəm. Bu barədə öz düşüncələrimi teatr mühitimizlə paylaşmaq istəyirəm. Sanıram sənət dostlarım, məsləkdaşlarım məni hər şeyi olduğu kimi, doğrunu doğru, əyrini əyri olaraq dəyərləndirməyə çalışan tərəfsiz və açıq şəkildə üzə söyləyən bir adam kimi tanıyırlar. Məni, Vətəndən uzaqda yaşayıb çalışan və burada heç nədə iddiası olmayan bir vətəndaş kimi qəbul etdikləri üçün kimsənin sözlərimin səmimiyyətindən şübhələnməyəcəyinə inanıram. Həm İsrafillə həm də rəhmətlik (demək qərib gəlir) Azər Paşa ilə münasibətlərimizin üstünə kölgə düşməmişdir, hər ikisi mənim sənət dostumdur.
2015-ci ildə babam Cahangir Zeynalovun 150 illik yubileyini hazırlayarkən Milli Teatrımızın bütün heyəti kimi mən də bir aya yaxın müddətdə hər gün teatra gəlir və yubiley məşqlərini aparırdım. Bu müddət ərzində kimsənin söhbətlərinin təsirində qalmadan Akademik Milli Dram Teatrının vəziyyətini içəridən gördüm. Teatrın düzgün saat mexanizmi kimi çalışdığının şahidi oldum. Gənclərin, yeni yaradıcı düşüncə və baxışları, potensialı yüksək olan aktyorların teatra gətirilməsini, yeni cəsarətli axtarışların başladığını gördüm və bu məni ümidləndirdi. Hətta gördüklərimdən həvəslənib zaman tapıb bir türk dramaturqun əsərinə Milli Teatrda səhnə quruluşu verməyim barədə də İsrafillə danışdıq. Amma bir müddətdən sonra İsrafil İsrafilov teatrın rəhbərliyindən ayrıldı. Teatr tariximizdə yeni bir məmnuniyyətsizlik hadisəsi baş vermişdi. Yenə də birini qəbul edənlər, birini etməyənlər qrupları yaranmışdı. Hər dəfəsində yenilənmiş köhnə nağıl…

-Cahangir müəllim, İsrafil İsrafilovun Milli Teatra yenidən qayıtması etimalı belə teatrın daxilində çaxnaşma yaradar…

– Professor İsrafil İsrafilov teatra qayıdarsa yenə də qruplaşmaların olması mümkün görünür. Bunun olmayacağına zəmanət yoxdur. Azərbaycan teatrı isə yenilənmək, bu günkü dünya teatrı ictimaiyyətində öz layiqli yerini tapmaq üçün gözləməkdən yorulub. İsrafil İsrafilovun Milli Teatrda işlədiyi dövrdə teatrımızı yeniləmək adına təcrübə xarakterli axtarışlarının davam etməsi lazımdır. Labirintdə oturub xilaskarın gəlməsini gözləyərək çıxmaq mümkün deyil. Bu səbəbdən də professor İsrafil İsrafilovun Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə gətirilməsinin tərəfdarıyam. Orada sərbəst bir şəkildə, kimsənin nazıyla oynamaq məcburiyyətində qalmadan Milli Teatrda başladığı təcrübə məqsədli axtarışlarını bərpa edə bilər. Labirintdən çıxmaq üçün yeni yollar və imkanlar arayıb tapmamız vacibdir. Bunu da unutmaq olmaz ki, professor İsrafil İsrafilov beynəlxalq teatr ictimaiyyətində çağdaş teatrı bilən bir mütəxəssis kimi böyük nüfuza sahibdir. Tanıdığı bir çox beynəlxalq miqyaslı rejissor və teatrşünasları Azərbaycana gətirə biləcək imkanları, istedadlı gəncləri yaradıcılıq məqsədləri ətrafında toplamaq istedadı var. Bu imkanlardan istifadə etməmək çox yanlış olar. Bu yazdıqlarımı bilməyənlər varsa onun təvazökarlığı ucbatındandır. İsrafil İsrafilov özünü, bəziləri kimi olub olmayan şeylərdə tərifləyənlərdən deyil. Onun, dərin yuxuya gedən teatr mühitimizi hərəkətləndirəcək işlər və tədbirlər görəcəyinə inanıram. Bu gün yüksək təhsil görmüş, dərin bilgilərə və böyük təcrübəyə sahib neçə teatr mütəxəssisimiz var ki, onları görməməzliklə hesaba almırıq? Təcrübəylə zəngin bilgi dolu insanlarımızdan bacardıqca çox istifadə etmək gənc nəsillər üçün miras qoymaq, gələcəyə geniş qapı açmaq deməkdir.
– Cahangir müəllim, fikirlərinizi paylaşdığınız üçün sizə təsəkkür edirəm.

Ülviyyə Həsənqızı

Azpost.info

Əvvəlki məqalə

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri

Sonrakı məqalə

“ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir