Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Azərbaycanda müxtəlif şəxslərə mütəmadi və faizlə borc verən şəxslər üçün ciddi hüquqi risklər yarana bilər.

Ali Məhkəmə xəbərdarlıq edib ki, gəlir əldə etmək məqsədilə sistemli şəkildə faizlə borc vermək bəzi hallarda adi borc münasibəti kimi qiymətləndirilmir və hüquqi məsuliyyətə səbəb ola bilər.

Ali Məhkəmədən bildirilib ki, faizlə borc vermək ilk baxışdan sadə mülki münasibət təsiri bağışlasa da, fəaliyyətin müntəzəm, sistemli və gəlir əldə etmək məqsədi daşıması onun hüquqi statusunu dəyişə bilər.

Faizlə borc vermək qadağandırmı?

Ali Məhkəmənin açıqlamasına görə, fiziki şəxslərin bir-birinə faizlə borc verməsi öz-özlüyündə qadağan deyil.

Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə göstərilən qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

Lakin bir şəxsə borc verməklə müxtəlif şəxslərə davamlı və gəlir əldə etmək məqsədilə faizlə borc vermək eyni hüquqi hal hesab olunmur.

Məhz fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində əsas amillərdən biridir.

Sələmçilik edənlər hansı halda riskə düşür?

Ali Məhkəmə xüsusilə bu məqama diqqət çəkib.

Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə pul verirsə, onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır.

Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq və ya qeyri-məhdud sayda subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kredit vermək hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.

Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər.

Borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs özü də araşdırıla bilər

Ali Məhkəmənin açıqlamasında ən diqqətçəkən məqamlardan biri də budur.

Faizlə pul verən şəxs borcalandan pulunu tələb etmək üçün məhkəməyə müraciət etdikdə, məhkəmə yalnız borcun olub-olmadığını araşdırmaya bilər.

Əgər borcverənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətləri müəyyən edilərsə, məhkəmə xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.

Yəni borcunu geri almaq üçün məhkəməyə müraciət edən şəxs öz fəaliyyətinin də hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər.

Faizlə borc verən şəxs pulunu da itirə bilər

Ali Məhkəmə bildirir ki, qanunsuz fəaliyyət borc verənin öz tələbləri üçün də risk yaradır.

Əgər konkret iş üzrə borcverənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, müqavilədə razılaşdırılmış faiz və digər məbləğlərin tələb edilməsinə ciddi təsir göstərə bilər.

Belə vəziyyətdə borcverənin müqavilədə nəzərdə tutulan gəliri – faiz və digər ödənişləri tələb etmək imkanları məhdudlaşa bilər.

Bu halda onun yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər.

Borc verənlər pullarını necə rəsmiləşdirməlidir?

Ali Məhkəmə faizlə borc münasibətlərinin mütləq yazılı şəkildə rəsmiləşdirilməsini tövsiyə edir.

Müqavilədə ən azı aşağıdakılar dəqiq göstərilməlidir:

əsas borcun məbləği;

faiz dərəcəsi;

faizin hesablanma qaydası;

borcun qaytarılma müddəti;

ödəniş qaydası.

Bundan başqa, pulun faktiki verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir.

Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biri hesab olunur.

Nağd ödənişlər zamanı isə qəbz və digər sənədlərin saxlanılması tövsiyə edilir.

Çünki məhkəmə mübahisəsi yarananda “pul vermişəm”, “pul qaytarılıb” və ya “faiz ödənilib” kimi şifahi izahatlardan daha çox, bunları təsdiq edən sənədlər və digər sübutlar əhəmiyyət daşıyır.

“Asan qazanc” ciddi problemə çevrilə bilər

Ali Məhkəmə faizlə borc verən şəxslərə münasibətlərini əvvəlcədən hüquqi baxımdan düzgün qiymətləndirməyi tövsiyə edir.

Şəxsin öz puluna sahib olması həmin vəsaiti qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar şəkildə sistemli və gəlir əldə etmək məqsədilə dövriyyəyə buraxmaq hüququ vermir.

Belə fəaliyyət bu gün borc verən üçün asan qazanc mənbəyi kimi görünə bilər. Lakin sabah borcalanla məhkəmə mübahisəsinə, xüsusi qərardada, hətta fəaliyyətin xarakterindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti məsələsinə gətirib çıxara bilər.

Ali Məhkəmənin xəbərdarlığının əsas mesajı isə belədir: bir dəfə faizlə borc verməklə sistemli şəkildə sələmçilik fəaliyyəti göstərmək arasında ciddi hüquqi fərq var.

Azpost.info

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.