İordaniya kralı II Abdullah Çinə rəsmi səfəri çərçivəsində Pekində Çin lideri Si Cinpinlə görüşüb. Tərəflər Yaxın Şərqdəki böhranın aradan qaldırılması yollarını və Fələstin məsələsini müzakirə ediblər.
Çin lideri İordaniya kralı ilə görüş zamanı Fələstin məsələsinin Yaxın Şərq gündəliyinin mərkəzində dayandığını bildirib.
Si Cinpinin sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin həlli regiondakı digər problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, beynəlxalq ictimaiyyəti böhrandan çıxış üçün siyasi yolların axtarışını fəallaşdırmağa çağırıb.
Çin lideri həmçinin Fələstin və İsrail arasında dayandırılmış sülh danışıqlarının mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıb.
Si Cinpin: Fələstin dövləti yaradılmalıdır
Si Cinpin müstəqil Fələstin dövlətinin mümkün qədər tez yaradılmasının vacibliyini də qeyd edib.
Onun fikrincə, bu addım uzunmüddətli sülhün təmin olunması üçün etibarlı əsas yarada bilər. Çin tərəfi hesab edir ki, Yaxın Şərqdə sabitliyin əldə edilməsi ərazi mübahisələrinin ədalətli həllindən keçir.
Pekin bundan sonra da münaqişənin siyasi yolla həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyəcəyini bildirib.
Çin Yaxın Şərqdə davam edən böhranın siyasi həlli istiqamətində beynəlxalq səylərə dəstəyini davam etdirəcəyini vurğulayıb. Fələstin ərazilərinin gələcəyi isə beynəlxalq səviyyədə müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.
Çin yeni aviadaşıyıcı hazırlayır
Qeyd edək ki, Çinin hərbi potensialının genişləndirilməsi ilə bağlı məlumatlar da son dövrlərdə diqqət çəkir.
Pekinin ən iddialı layihələrindən biri Dalian şəhərindəki gəmiqayırma zavodunda inşa edilən perspektiv Type 004 aviadaşıyıcısıdır. Peyk görüntülərinin təhlilinə əsasən, gəminin gövdəsi artıq böyük ölçüdə formalaşıb.
İlkin qiymətləndirmələrə görə, aviadaşıyıcının uzunluğu təxminən 320 metr ola bilər. Gəminin dəqiq texniki xüsusiyyətləri Çin tərəfindən açıqlanmadığından onun imkanları ilə bağlı məlumatların böyük hissəsi açıq mənbələr və peyk görüntülərinin təhlilinə əsaslanır.
Mövcud ehtimallara görə, Type 004 Çinin nüvə enerji qurğusu ilə təchiz edilən ilk aviadaşıyıcısı ola bilər.
Gəminin elektromaqnit katapult sistemi – EMALS ilə təchiz ediləcəyi də ehtimal olunur. İlkin məlumatlara əsasən, aviadaşıyıcıda dörd katapult ola bilər. Bu isə artıq Çin donanmasının arsenalında olan “Fucyan” aviadaşıyıcısından bir ədəd çoxdur.
Type 004-ün su tutumunun 110-120 min ton, uzunluğunun isə təxminən 320 metr olacağı ehtimal edilir. Bu göstəricilər onu ABŞ-ın “Gerald R. Ford” sinfinə aid aviadaşıyıcıları ilə müqayisə etməyə imkan verir.
Aviadaşıyıcının hava qrupunun da böyük olması gözlənilir. İlkin qiymətləndirmələrə görə, gəmi 90-dan çox, bəzi ssenarilərə əsasən isə 100-ə qədər və daha çox hava aparatı daşıya bilər.
Bunların arasında J-35 və J-15T qırıcıları, KJ-600 erkən xəbərdarlıq təyyarələri, helikopterlər və gələcəkdə göyərtə əsaslı zərbə dronlarının olması ehtimal edilir.
Bununla belə, bütün bu göstəricilər hələlik ilkin qiymətləndirmələrdir. Type 004-ün rəsmi texniki parametrləri və gələcək hava qrupunun tərkibi fərqli ola bilər.
İlkin proqnozlara görə, aviadaşıyıcının ilk dəfə suya buraxılması 2027-ci ildə baş verə bilər. Bundan sonra gəmi uzunmüddətli sınaq və təkmilləşdirmə mərhələsindən keçməlidir. Tikinti qrafiki dəyişməzsə, Type 004-ün təxminən 2030-cu ildə Çin donanmasının silahlanmasına qəbul edilməsi gözlənilir.