Alim monoqrafiyasını Şəhid oğluna və müəlliminin xatirəsinə həsr edib

Filologiya elmləri doktoru, professor Kamran Kazımovun yenicə çapdan çıxmış “N.S.Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” monoqrafiyasının ilk səhifəsində müəllifin ithafı yer alıb: “Kitabı Əməkdar Elm Xadimi, elmi məsləhətçim Seyfulla Qüdrət oğlu Əsədullayevin 100 illiyinə və oğlum, şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımova ithaf edirəm”.

Alim-müəllim- şəhid  tanrı dərgahında müqəddəslərdən hesab olunduğundan onların yeri peyğəmbərlərlə bir sıradadır deyirlər. Bu ithafın özü prof. Kamran Kazımovun öz müəlliminə necə böyük dəyər verdiyinin bariz nümunəsidir. Həm də  44 günlük Vətən müharibəsinin ən ağır cəhbəsində- 30 il erməni tapdağında qalan Şuşanın azad olunması  uğrunda gedən ölüm-dirim vuruşlarında  qəhrəmanlıqla həlak olan yeganə oğlu,  şəhid baş leytenant Vüsal Kazımovun xatirəsinin anımıdır, nakam taleyinin davamıdır…

Hər şeydən əvvəl qeyd edək ki, prof. Kamran Kazımov ölkəmizdə Xarici ölkə ədəbiyyatı üzrə tanınmış mütəxəssislərdən sayılır, bu istiqamətdə haqqında söz açdığımız son  nəşr da daxil olmaqla 5 monoqrafiyanın, 100-dək elmi məqalənin müəllifidir. Xatırladaq ki, prof. Kamran Kazımovun elmi  əsərləri dünyanın nüfuzlu  jurnallarında nəşr olunub, özü  bir çox beynəlxalq konfrasların birbaşa iştirakçısı olub. XX əsr rus və dünya ədəbiyyatının tanınmış simalarından sayılan, Azərbaycan ədəbiyyatına bağlılığına görə  “Azərbaycanın xalq şairi” adına layiq görülən şair, yazıçı, publisist Nikolay Tixonovun yaradıcılığı prof. Kamran Kazımovun daim diqqət mərkəzində olmuş, alim namizədlik və doktorluq dissertasiyalarını bu böyük mütəfəkkirə həsr etmişdir.

Müəllifin  “N. S. Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” monoqrafiyasında  dünya şöhrətli sənətkarın Şərq Və Azərbaycanla bağlılığı  əlaqəli şəkildə araşdırılmış, şairin bu istiqamətdəki əsərləri təhlilə cəlb edilərək ətraflı təhlil edilmişdir. Kitabda  N. Tixonovun  Azərbaycanla, onun görkəmli nümayəndələri ilə bağlı çıxış və məqalələri, şeirləri tədqiqatçı süzgəcindən keçirilərək araşdırmaya cəlb edilmişdir.

Yeni monoqrafiya Giriş, Nəticə və 4 fəsildən ibarətdir. Girişdə oxucu Tixonovun şoxşaxəli yaradıcılıq yolu baradə məlumatlandırılır, həyat və yaradıcılıq yolu ilə tanış olur. I fəsil “Rus ədəbiyyatında Şərq mövzusunu tarixi və əsas problematikası” adlanır. Bu fəsildə  Şərq mədəniyyətinin rus ictimai-ədəbi fikrinə təsirindən, beynəlmiləlçilik ideyalarının tərənnümündən bəhs olunur. II fəsil “Nikolay Tixonovun yaradıcılığında Yaxın və Orta Şərq xalqları”, III fəsil “N. Tixonovun yaradıcılığında Gürcüstan və Şimali Qafqaz” adlanır. Zənnimcə, azərbaycanlı oxucu üçün ən maraqlı olan kitabın 4-cü-sonuncu fəslidir- “Nikolay Tixonov və Azərbaycan”. Bu fəsildə N. Tixonovun ölkəmizə həsr etdiyi “Azərbaycan dəftəri”nin bədii-estetik dəyəri, şairin yaradıcılığında Nizami Gəncəvi mövzusu, azərbaycanlı ədiblərlə, o cümlədən, Səməd Vurğunla yaradıcılıq və dostluq  əlaqələrindən söz açılır, “Cənub mirvarisi” adlandırdığı Lənkəranla bağlı xatirələri oxucular üçün də əlçatan olur.

Qeyd edək ki, prof. Kamran Kazımovun “Gənclik” nəşriyyatında  çapdan çıxmış  yeni  monoqrafiyasının  Elmi redaktoru filologiya elmləri doktoru, prof. Zemfira Vəliyeva, rəyçiləri  prof. Fikrət Rzayev  və  dos. Elşad Səfərlidir. Monoqrafiya “Rus ədəbiyyatı və Şərq” mövzusunda, həmçinin tərcüməçilk sahəsində  araşdırma aparacaq  tədqiqatçılar üçün  ədəbi mənbə rolunu oynaya bilər. Monoqrafiya ilə tanışlıq göstərdi ki, prof.  Kamran Kazımovun  “N.S.Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” əsərində  geniş oxucu dairəsi üçün maraqlı ola biləcək kifayət qədər məlumat var. …İki müqəddəs insanın-sevimli müəllimin və şəhid oğulun  xatirəsinə ithaf olunmuş, böyük ədib, şair, ictimai xadim N. S.Tixonovdan bəhs edən sanballı  monoqrafiyaya görə prof. Kamran Kazımovu ürəkdən təbrik edirəm. Ədəbiyyatşünas alim, prof. İslam Qəriblinin  Kamran müəllimlə bağlı dedikləri sonluq kimi yerinə düşür: “Kamran müəllim təkcə böyük alim, müəllim deyil, həm də vətən məhəbbətini şəhid övlad ağrısından üstün sayan vətənpərvərdir, kamil, nurlu insandır, əsl ziyalıdır!”.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Əvvəlki məqalə

Bakı və Bakıətrafı qəsəbələrdə 77 ədəd şarj məntəqəsi quraşdırılacaq

Sonrakı məqalə

DİN polisdə işləmək istəyənlər üçün müsabiqə elan edib –