İnsan yaddaşı trilyonlarla məlumatı saxlamaq gücünə malik olsa da, bəzən ən vacib detalları unutdurur, hətta heç vaxt baş verməmiş hadisələri real xatirə kimi qəbul etdirməyi bacarır. Alimlər bildirirlər ki, bunun səbəbi beynin məlumatı saxlaması deyil, onu hər dəfə yenidən formalaşdırmasıdır.
Azpost.info xəbər verir ki, son elmi araşdırmalar insan yaddaşının işləmə mexanizmləri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.
Yaddaşın tutumu düşündüyümüzdən qat-qat böyükdür
Mütəxəssislərin hesablamalarına görə, insan beyninin yaddaş tutumu təxminən 2,5 petabayt məlumat saxlaya bilər. Bu, milyonlarla kitabın və ya minlərlə saatlıq yüksək keyfiyyətli videonun həcminə bərabərdir.
Bununla belə, qısamüddətli yaddaşın imkanları xeyli məhduddur. İnsan eyni anda cəmi 4–5 məlumat vahidini şüurunda saxlaya bilir.
“Qapı effekti” niyə baş verir?
Alimlərin diqqət çəkdiyi maraqlı hadisələrdən biri də “qapı effekti” adlandırılan fenomendir. Demək olar ki, hər kəsin başına gəlib: bir otaqdan digərinə keçən kimi niyə gəldiyini unudur. Araşdırmalara görə, bunun səbəbi ətraf mühitin dəyişməsidir. Yeni məkana daxil olan zaman beyin əvvəlki məlumatları arxa plana keçirərək yeni informasiyanı emal etməyə başlayır. Nəticədə əvvəlki niyyət müvəqqəti olaraq yaddaşdan silinir.
Güclü yaddaşın sirri yuxudadır
Tədqiqatçılar vurğulayırlar ki, keyfiyyətli yuxu yaddaş üçün həyati əhəmiyyət daşıyır. İnsan yatarkən beyin gün ərzində toplanmış məlumatları çeşidləyir, vacib informasiyanı qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa köçürür.
Məhz buna görə kifayət qədər yatmayan insanların yeni məlumatları yadda saxlaması daha çətin olur.
Xatirələr dəyişə bilir
Alimlərin fikrincə, yaddaş ideal arxiv deyil. İnsan hər dəfə hansısa hadisəni xatırlayanda beyin həmin xatirəni yenidən “qurur”. Bu proses zamanı bəzi detallar dəyişə, əlavə oluna və ya itə bilər. Nəticədə zaman keçdikcə saxta xatirələr yaranır və insan onları həqiqətən baş vermiş hadisələr kimi qəbul edir.
Dejavyu necə yaranır?
Araşdırmada dejavyu hissəsinə də aydınlıq gətirilir. Mütəxəssislər hesab edirlər ki, dejavyu beynin məlumatı emal etməsində yaranan qısamüddətli pozuntu nəticəsində meydana çıxır. Bu zaman yeni yaşanan hadisə insana sanki əvvəllər baş vermiş kimi görünür.
Qoxular niyə keçmişi xatırladır?
Alimlər qoxuların yaddaş üçün ən güclü stimul olduğunu bildirirlər.
Çünki iy hissi beynin emosiyalara cavabdeh olan mərkəzləri ilə birbaşa əlaqəlidir. Buna görə də illər əvvəl hiss edilən hər hansı qoxu insanın çoxdan unutduğu xatirələri bir anda yenidən canlandıra bilir.
Araşdırmalar davam edir
Mütəxəssislər hesab edirlər ki, yaddaşın işləmə mexanizmlərinin daha dərindən öyrənilməsi gələcəkdə təhsil metodlarının təkmilləşdirilməsinə, yaddaş pozğunluqlarının müalicəsinə və məhkəmə təcrübəsində şahid ifadələrinin etibarlılığının artırılmasına mühüm töhfə verə bilər.
N.Talıbov