“Alma-Ata Bəyannaməsində Qarabağ Ermənistan ərazisi kimi göstərilir” –ŞƏRH

“Ermənistan dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Biz dekabrın sonuna qədər sülh müqaviləsi imzalamağa hazırıq. Lakin bu, uğur qazanmasa, biz mümkün qədər tez bir zamanda sülh müqaviləsi imzalamağa hazırıq”, – deyə erməni rəsmi bildirib.

Qriqoryan vurğulayıb ki, Ermənistan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli formatda danışıqları davam etdirməyə hazırdır: “Və hər iki format problemləri həll etmək üçün təsirli yol ola bilər”.

Onun sözlərinə görə, Ermənistan həll yollarını axtarmağa və sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa hazırdır.

Qriqoryanın açıqlamasını şərh edən politoloq Natiq Miri Azpost.info-ya deyib ki, rəsmi İrəvandan verilən bəyanatları diqqətlə dinləmək lazımdır: “Ermənistan Azərbaycanın sülh təklifləri paketini 6-cı dəfə korrektə edib Bakıya göndərib. Bu mətni Azərbaycangözüyumulu qəbul edərsə, bəli, sülh sazişini dekabrın sonunadək imzalamaq olar. Hətta dekabrın sonunadək yox, iki gün içərisində Qazaxda görüş keçirmək, sənədi imzalamaq olar. Amma Azərbaycan İrəvandan korrektə olunub göndərilmiş sənədi qəbul edəcəkmi?! Məsələ də buradadır ki, yox, qəbul etmir. Çünki problemlər qalır, həll olunmayıb. Məsələ budur ki, ərazi bütövlüyünü tanımaq və sərhədlərin müəyyənləşməsi 1991-ci ilin Alma-Ata Bəyannaməsinə söykənir. Bu sənəddə isə problemlər var. Ermənistan Alma-Ata Bəyannaməsini əlavələrlə imzalayıb. Orada isə Qarabağ Ermənistanın ərazisi kimi göstərilir. İrəvan Alma-Ata Bəyannaməsində etdiyi sonrakı dəyişikliyi ləğv edirmi?”.

“Daha bir məsələ odur ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Ermənistan o kəndləri boşaltmaq niyyətində görünmür. Belə olan halda, dekabrın sonunadək sülh sazişini imzalamaq nə dərəcədə mümkündür? İrəvan səmimidirsə, o zaman iki gün ərzində həmin 8 kəndi boşaltsın. Bunu edəcəkləri inandırıcı deyil. Hesab edirəm ki, erməni rəsmiləri bu bəyanatlarla Azərbaycanı beynəlxalq ictimaiyyətə sülhü istəməyən tərəf kimi göstərməyə çalışır”, – analitik bildirib.

N.Miri əlavə edib ki, Azərbaycan qalib tərəf olduğu üçün diktə edən gücdür: “Azərbaycanın milli maraqları, dövlət maraqları tam təmin olunmadan sülh sazişinin imzalanacağı gözlənilmir. Müşahidə isə göstərir ki, Ermənistan qısa müddətdə Azərbaycanın maraqlarını təmin edən sülhü imzalamaq istəmir”.

Anar ABDULLA

Əvvəlki məqalə

“İrəvan bu təhlükəni anlamağa başlayıb” –

Sonrakı məqalə

“Ankara İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməyə tələsmir”