Aprelin 1-dən Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılır

29 Mart 2021 - 16:04

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

Agentlikdən bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması ilə əlaqədar İşçi Qrupunun üzvü, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun sözlərinə görə, səhiyyənin maliyyə imkanlarının  artırılmasına xidmət edən icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır: “Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu məqsədlə xəstəxanaların stasionar şöbələrində ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Bu əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.