Aqrar sektorun rəqabət qabiliyyətliyinin yüksəldilməsi, həmçinin kəndin sosial inkişafını təmin edə bilən aqrar siyasətin prioritetlərinin işlənib hazırlanması əsas problemlərdəndir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”də ölkəmizdə Aqrar Sənaye Kompleksinin yaxın, orta və uzunmüddətli dövrlər üçün inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Eyni zamanda bütün bunlar kənd təsərrüfatının səmərəli dövlət tənzimlənməsinin və dəstəklənməsinin zəruri şərtləridir.
İxracyönümlülük ölkənin dünya təsərrüfatında iştirakının əsas istiqamətlərindən biridir. Onun əsasında ixrac durur. İxracdan daxil olan valyuta gəlirləri idxalı qarşılamaq, valyuta bazarını tənzmiləmək, ölkənin ixracat və investisya imkanlarını genişləndirmək və s. üçün mühüm maliyyə mənbəyidir. Ölkənin ixracyönümlülüyü onun digər ölkələrlə iqtisadi əlaqələrinin xarakterini və dünya bazarında mövqeyinin möhkəmləndirilməsi istiqamətlərini göstərir.
Ölkəmizdə həyata keçirilən aqrar islahatların iki əsas hədəfi var: birincisi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək və bu növ məhsulların ixracını artırmaqdır. Son zamanlar ixracda kənd təsərrüfatı məhsullarının çəkisinin artması göstərir ki, bu sahədə də uğurlarımız az deyil.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 740.6 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı” Bülletenindəki hesabata görə, ixrac ötən ilin müvafiq dövrünə nəzərən 11 faiz artıb.
2024-cü ilin yanvar –oktyabr ayında ən çox ixrac məhsulu pomidor və meyvə olub. 10 ayda 142 milyon dollar dəyərində 118,9 min ton pomidor ixrac edilib. Qeyd olunan dövr ərzində 359,8 milyon dollar dəyərində 315 min ton meyvə ixrac olunub.
İxrac olunan meyvələrin siyahısında ən çox alma, armud, heyva yer alır. On ayda 47,9 milyon dollar dəyərində 75 min ton bu meyvələrdən ixrac edilib. Daha sonra siyahıda ərik, albalı, gilas, şaftalıdır: 10 ayda 99 milyon dollar dəyərində 90 min ton ixrac olunub. Həmçinin qeyd olunan dövrdə 52 milyon dollar dəyərində 74 min ton xurma ixrac olunub.
10 ayda həmçinin 97,8 milyon dollar dəyərində 15,8 min ton qoz-fındıq ixrac edilib.
DGK-nın məlumatına görə isə, ölkənin ümumi ixracında MDB ölkələri 6,18%, o cümlədən Rusiya 4,28%, Ukrayna 0,64%, Türkmənistan 0,32%, Belarus 0,18%, Qazaxıstan 0,47%, Özbəkistan 0,14%, Qırğızıstan 0,12%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, qeyri-neft məhsulları ixracındakı artıma aqrar məhsulların ixracatının çoxalması də təsir göstərib. Bütün bunlarla yanaşı, yenə də qeyri-neft məhsullarının ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri-neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34,5 faizi Rusiyaya, 18,1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlılığı baxımından da vacibdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 10 milyard 418,5 milyon manat olub. Onun da 4 milyard 881,2 milyon manatlığı heyvandarlıq, 5 milyard 537,3 milyon manatlığı bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,8, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,4, bitkiçilik məhsulları üzrə 0,3 faiz artıb. Bu dövrdə bitkiçilik məhsullarından bostan məhsullarının istehsalında 12, şəkər çuğunduru istehsalında 80,6, üzüm istehsalında 6,3, günəbaxan istehsalında 12,4, pambıq istehsalında 38,1, tütün istehsalında 43,1, yaşıl çay yarpağının yığılmasında 3,7 faiz artım qeydə alınıb. Heyvandarlıqda isə ət istehsalı 1, süd istehsalı 0,7, yumurta istehsalı 5,6 faiz artıb.
2024-cü ilin yanvar-oktyar ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63,4 milyon manat məbləğində güzəştli kredit verilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, bunun 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14,1 milyon manatı mikro kreditlərdir.
Həmin dövr ərzində Agentik tərəfindən 5208 baş damazlıq heyvan (4410 baş iri buynuzlu, 798 baş xırdabuynuzla) alışına 15,2 milyon manat, habelə texnika və avadanlıqların alışı üçün 70,9 milyon manat güzəştli vəsait ayrılıb.
2024-cü ilin yanvar-oktyar ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8726 kənd təsərrüfatı texnikasının satışı maliyyələşib.
Ekspertlərin fikrincə, ixracın stimullaşdırılması strategiyasının mahiyyəti ixrac yönümlü istehsalı inkişaf etdirməkdən və istehsal edilən malların xarici bazara çıxarılmasından ibarətdir. İxracın inkişaf strategiyasının həyata keçirilməsinin səmərəlilik göstəricisi ixracın ÜDM-da payının artmasıdır. İkinci göstərici yalnız milli gəlirin yüksəldilməsi deyil, həm də ixracın inkişaf dinamikasıdır. Üçüncü göstərici ixracda sənaye mallarının dəyərinin artımıdır. Səmərəli milli istehsalın təşkili və onun davamlı artımı ölkənin ərzaq təhlükəsizliyinin və dayanıqlı iqtisadi artımın mühüm amillərindən biri kimi çıxış edir. Ona görə də idxalın əvəzedilməsinə idarəedilən xarakter verilməli və ilk növbədə ölkənin uzunmüddətli iqtisadi strategiyasına müvafiq daha prioritet istiqamətlərin seçilməsi vacibdir.
İdxalın əvəzedilməsi kənd təsərrüfatının və onun ayrı-ayrı sahələrinin yeni, daha yüksək texnoloji inkişafını, bu proseslərin idarəedilməsi metodlarının təkmilləşdirilməsini tələb edir.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatların kiçik həcmli olması və kənd təsərrüfatına xidmət edən infrastrukturun zəif formalaşması kənd təsərrüfatı istehsalının səmərəli inkişafına əhəmiyyətli dərəcədə mane olur. Müasir dövrdə müxtəlif səbəblərdən əkin yerinin xeyli hissəsi təyinatı üzrə istifadə edilmir. Ona görə də mühüm starteji vəzifələrdən biri torpaqdan istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə məqsədli proqramların yerinə yetirilməsi olmalıdır. Müasir mərhələdə kənd təsərrüfatının inkişafı üçün sənayeləşdirmə, yəni intensivləşdirmə səviyyəsinin yüksəldilməsi, müasir texnologiyaların və idarəetmə sisteminin tətbiqi zəruridir.
Mühüm problemlərdən biri də kənd təsərrüfatı məhsullarının satış bazarının formalaşması ilə bağlıdır. Xarici ticarətin mal quruluşunda kənd təsərrüfatı məhsullarının xüsusi çəkisinin əlverişli olmayan strukturu ixracın diversifikasiyanı zəruri edir. Başqa sözlə desək, müasir dövrdə kənd təsərrüfatı məhsullarının ixracının həcminin artırılması, ticarət balansının və onun strukturunun yaxşılaşdırılması starteji əhəmiyyət kəsb edir. Ona görə də kənd təsərrüfatının inkişafının strateji parametrləri kimi bunların bütün mərhələlərdə nəzərə alınması olduqca vacibdir.
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Startji Yol Xəritəsində prioritet istiqamətlərdən biri kimi kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsidir. Bu isə əhəmiyyətli şəkildə ixrac yönümlü kənd təsərrüfatı istehsalının inkişaf problemlərinin aşkar edilməsindən və bu istiqamətdə aqrar siyasətin gücləndirilməsindən asılıdır. Aqromonitorinq
ixrac yönümlü kənd təsərrüfatı istehsalının inkişafı məqsədilə ayrı-ayrı sahələrin ixracat və innovasiya potensialının artırılmasına, onların dövlət tərəfindən dəstəklənməsi və stimullaşdırılması mexanizminin tətbiq edilməsinə, kənd təsərrüfatı məhsulların rəqabət qabiliyyətliyinin yüksəldilməsinə, istehsalçıların xarici bazara çıxışının asanlaşdırılmasına, biznes mühitinin təkmilləşdirilməsinə, instutisional potensialın gücləndirlməsinə və s. istiqamətlənən səmərəli aqrar siyasətin zəruri informasiya bazasını formalaşdırmalıdır.
Ölkənin aqrar sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi və onun ixracat imkanlarının artırılmasıkompleks starategiyanın həyata keçirilməsini zəruri edir.Dünya iqtisadiyyatının qloballaşdığı şəraitdə ölkə iqtisadiyyatının aqrar sektorunun rəqabətqabiliyyətliyinin yüksəldilməsi ciddi problemlərdən biri olaraq qalır.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb