Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aprelin 12-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 12 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, istifadə müddəti bitmiş bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/4184 linki vasitəsilə məlumat almaq mümkündür.