“ASDP-nin heç səsi də gəlmir, ölkədə sol partiya yoxdur” –Zərdüşt Əlizadə qardaşını tənqid etdi

Azərbaycanda ən aktual məsələlərdən biri də sosial problemlərdir. Bu gün ölkədə işsizlik, əmək hüquqlarının pozulması, vətəndaşların sosial rifahının aşağı olması barədə çox danışılır. Maraqlıdır ki, bu halda belə, ciddi sol təmayüllü təşkilatlar ortaya çıxmır. Vaxtilə Azərbaycanın siyasi səhnəsində müəyyən qədər yeri olan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) isə sanki ümumiyyətlə olmayıb.

ASDP-nin həmtəsisçisi olmuş, politoloq Zərdüşt Əlizadə də Azpost.info-ya açıqlamasında vaxtilə rəhbərlik etdiyi təşkilatın bu günkü fəaliyyətini mənfi qiymətləndirib: “Vaxtilə 5 partiyadan biri idi. İndi maraqlanmıram. Heç səsi də gəlmir”, – deyə politoloq bildirib.

Zərdüşt Əlizadə Azərbaycanda sol təmayüllü partiyaların yaranmamasının səbəblərinə də toxunub. Onun fikrincə, əsas səbəb solçuluğa inamın itməsidir: “Sovet dövründə partokratlar elə bir rejim qurdular ki, insanlarda solçuluğa hörmət, inam itdi. Sol partiyaların əsas gücü həmkarlar ittifaqlarıdır. Amma sovet dövründə həmraklar ittifaqlarını yöndəmsiz bir quruma çevirdilər. Həmkarlar ittifaqları yoxdursa, sol təmayüllü təşkilatların fəaliyyəti çətindir. Biz Azərbaycan Sosial Demokrat Partiyasını təsis etdikdən sonra, qeyri-dövlət müəssisələrinin birində həmkarlar ittifaqı yaratmaq istədik. Ordu göndərdilər ora, imkan vermədilər. Bundan başqa, liberallar, millətçilər sol partiyalara qısqanclıqla yanaşır. Yəni hər tərəfdən solçuluq sıxışdırılır. Ona görə də Azərbaycanda sol partiya yoxdur, solçuluq ideyası populyar deyil”.

Z.Əlizadə bununla yanaşı deyib ki, Azərbaycanda heç sağ partiyalar yoxdur: “Müəyyən qədər REAL-ı nümunə çəkmək olar. Digərləri isə qaraguruhdur. İstər AXCP, istər Müsavat partiyası olsun, bunları sağ partiya adlandırmaq doğru deyil”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan bu məlumatları Bakıya təqdim etməyə borcludur” –

Sonrakı məqalə

Əmək pensiyaları artırılır –