Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Masallı və Astara rayonlarında “Yerli və beynəlxalq qanunvericilikdə qadın hüquqları ” adlı maarifləndirmə tədbirləri layihəsini həyata keçirəcək
AQHMC-nin təmsilçisi Nabat Qəniyevanın verdiyi bilgiyə görə, məqsəd əhali qruplarına yerli və Azərbaycanın qoşulduğu beynəlxalq qanunvericiliklə bağlı bilgi vermək, onları qadın hüquqlarının müdafiəsi mexanizmləri ilə tanış etməkdir: “Praktika göstərir ki, Azərbaycan vətəndaşları öz hüquqları haqqında yetərli bilgilərə sahib deyillər. Özəlliklə qadınlar. Bu, bir çox hallarda insanların qarşılaşdıqları problemlər zamanı çətin duruma düşməsinə, yanlış qərarlar verməsinə səbəb olur. Gerçəkləşdirdiyimiz layihənin məqsədi yeri və beynəlxalq qanunvericiliyin bu sahə üzrə imkanları ilə qadınlarımızı tanış etməkdir”.
Bu zamana qədər həyata keçirilən layihələrin regionlarda müəyyən effekt verdiyinə diqqət çəkən Nabat Qəniyevanın fikrincə, vətəndaş cəmiyyətinin fəallığı Azərbaycanda hüquq cəmiyyətinin yaradılması üçün son dərəcə vacibdir:”Masallı və Astara rayonlarında keçirəcəyimiz tədbirdə 60 qadın, eyni zamanda yerli idarəetmə qurumlarının təmsilçiləri iştirak edəcəklər. Hər iki rayonda Azərbaycanın cənub bölgəsinə xas bir sıra məsələlər var ki, onların çözülməsində qadınlara dəstək lazımdır. Təbii ki, hər insan problem yaranarkən öncə onun hüquqi tərəflərini bilməlidir və biz də çalışacağıq ki, konkret faktlar əsasında hüquq və vəzifələr haqqında layihə iştirakçılarına gərəkli bilgiləri verək”.