Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri Astaradakı qətl barədə birgə məlumat yayıb.
Məlumatda deyilir ki, qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.
Mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.