ATƏT-in Minsk qrupu öz fəaliyyətini de-fakto dayandırıb- Paşinyan

ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra öz fəaliyyətini de-fakto dayandırıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“ATƏT-in Minsk qrupu bir növ siyasi leksikonumuzda ikonadır. Lakin biz anlayırıqmı ki, ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta bundan əvvəl bir-biri ilə ünsiyyətdə olmayıblar? Başqa sözlə desək, ATƏT-in Minsk qrupu faktiki olaraq mövcud deyil”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşündə bildirib ki, Azərbaycan Ermənistan tərəfinə Minsk qrupu ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təkif edib.

“Minsk qrupu 28 il guya Qarabağ problemini həll etməyə çalışırdı. Əslində isə bunu dondurmağa çalışırdı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçasından başqa bir şey deyildi. Biz isə ona görə bu gün öz haqqımızı, ərazi bütövlüyümüzü döyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll etdik. Ancaq o da həqiqətdir, sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən.

Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”, – dövlət başçısı deyib(trend).

Əvvəlki məqalə

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişləri beş dəfə artıb

Sonrakı məqalə

Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı ilə bağlı çağırış edib