Külli miqdarda kredit ayrılması məqsədilə rəsmi sənədlərin saxtalaşdırılması faktına görə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Aparılmış zamanı “H AND M AGRO” MMC, “GEMZA GROUP” MMC və “PKF Audit Azerbaijan” MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.