“Avropa İttifaqı ilə yaxından işləyirik” –

Ceyhun Bayramov prioritetləri açıqladı
28 Dekabr 2020 - 17:45

Azərbaycanın təklif edə biləcəyi çox şey var və artıq bütün tərəfdaşlarını müxtəlif imkanlarla təmin edir.

XİN-dən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O bildirib ki, Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu xətti,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, o cümlədən investorlar üçün əlverişli şəraitə malik olan Ələt azad iqtisadi zonası ilə bütün bölgənin tranzit tutumunu artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, habelə Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yollarının inkişafına praktik töhfəsini davam etdirir.

İnşaat işlərinin açılışından dörd il yarım sonra Trans-Adriatik Boru Kəməri kommersiya əməliyyatlarına başlamışdır. Bu inkişaf bizə Cənub Qaz Dəhlizinin uğurlarını artırmağa imkan verir. Qaz tədarükünün coğrafiyasını genişləndirmək məqsədilə Aİ ilə yaxından işləyirik. Bu layihə enerji təhlükəsizliyini artırmaqla yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır. Bölgə ölkələrini bir araya gətirən və ortaq firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyimiz maraq və potensialın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlığa da hazırıq. Biz, beynəlxalq öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi ilə bağlı olan öhdəliklərə yalnız ortaq təəhhüd və tam əməl etməklə dinc, firavan və sabit gələcəyə nail ola bilərik”, – deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

C. Bayramov üzv dövlətlərə və GUAM Katibliyinə çətin anlarda səmərəli fəaliyyətlərinə görə bir daha təşəkkür etmək edib: “Bu gün Azərbaycan GUAM Nizamnaməsinə uyğun olaraq sədrliyi Gürcüstana təhvil verir. Bununla əlaqədar olaraq, yeni Sədrə GUAM çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səmərəli iş arzulayıram”.