“Ramiz Mehdiyev nə danışmasından asılı olmayaraq Azərbaycan xalqına xəyanət etmiş adamdır”.
Bu sözləri Azpost.info-ya Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin hakimiyyətlə dialoq aparan siyasi partiyaları “cib müxalifəti” və “avtobus müxalifəti” adlandırmasına münasibət bildirərkən deyib.
Sərdar Cəlaloğlu əlavə edib ki, Ramiz Mehdiyevin xalqın qarşısında günahları çoxdur: “Azərbaycanı uzun müddət Rusiyanln təsir dairəsində saxlayan, Azərbaycanda demokratik institutları məhv edən, Azərbaycan xalqına və dövlətinə qarşı xəyanət eləmiş bir adamdır. “Cib müxalifəti” yaxud “avtobus müxalifəti” olmaq öz xalqına və dövlətinə xəyanət etməkdən min dəfə şərəflidir”, – deyə ADP sədri vurğulayıb.
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli isə deyib ki, Ramiz Mehdiyevin məlum açıqlamasından sonra onun dövlətin müəyyən qurumları ilə siyasi partiyalar arasında dialoqdan narahat olan qüvvələrlə eyni fikirdə olması üzə çıxdı: “Bu açıqlamadan sonra ölkədə siyasi prosesin normal çərçivəyə salınması və siyasi təmasların nəticəsində müəyyən dəyişikliklərin həyara keçirilməsindən narahat olan qüvvələrin kimlərdən ibarət olduğu aydın oldu. Aylardır ki, bu ritorikadan bəlli kəsim istifadə edirdi. İndi Ramiz Mehdiyevin də eyni ritorikadan istifadə etməsi sanki onların mövqelərinin üst-üstə düşməsindən xəbər”, – deyə Natiq Cəfərli vurğulayıb.
Azpost.info