Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlər açıqlanıb

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” ASC (2,59 indeksi ilə) olub.

Azərbaycan Mərkəzi Bankının sentyabr ayı üzrə açıqladığı şikayət indeksinə əsasən, ən çox şikayət edilən şirkətlər siyahısında növbəti yerlərdə “Atəşgah Sığorta” (2,30 indeksi), “Bakı Sığorta” (1,38 indeksi), “Atasığorta” ASC (1,10 indekslə) qərarlaşıb.

Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq, avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış “Azsığorta” ASC-nin, “İpək Yolu Sığorta” ASC-nin, “A-Qroup Sığorta” ASC-nin və lisenziyası ləğv olunmuş “Günay Sığorta” ASC-nin müqavilə sayları və şikayət sayları hesablamada nəzərə alınmayıb. Lakin, qeyd olunan şirkətlərlə bağlanılmış və qüvvədə olan avto-icbari sığorta üzrə mövcud müqavilələrlə bağlı daxil olan şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

“Naxçıvansığorta” ASC üzrə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə daxil olan şikayətlər əsasında hesablanıb.

Cədvəl. Avto-icbari sığorta üzrə şikayət indeksi, Oktyabr 2022 – Sentyabr 2023

Sığortaçılar Şikayət indeksi
“Xalq Sığorta” ASC 2.59
“Atəşgah Sığorta” ASC 2.30
“Bakı Sığorta” ASC 1.38
“AtaSığorta” ASC 1.10
“Azərbaycan Sənaye Sığorta” ASC 0.97
“Azәrsığorta” ASC 0.88
“Paşa Sığorta” ASC 0.47
“Meqa Sığorta” ASC 0.45
“Qala Sığorta” ASC 0.42
“Naxçıvansığorta” ASC* 0.00
Əvvəlki məqalə

Dövlət qulluğuna qəbul imtahanı bu tarixdə keçiriləcək

Sonrakı məqalə

Deputat Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun təklif edib