Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hucum əmrini yerinə yetirməyib? –

“Elçibəy məşhur sənətkarın evinə evakuasiya olunmalı idi” (TARİX)
11 Sentyabr 2019 - 10:10

Daxili İşlər Nazirliyinin Banditizmə qarşı Xüsusi İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Nizami Musayev 1992-ci ilin may ayında Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyinin bəzi məqamlarını açıqlayıb.

Azpost.info bildirir ki,  o, “azeritoday” saytına verdiyi müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin sabiq prezident Ayaz Mütəllibovun hakimiyyətə qayıdış cəhdinin qarşısını necə almasından danışıb.

N. Musayev deyib ki, 14-15 may hadisələrindən əvvəl A. Mütəllibovun ətrafı plan hazırlayıbmış: “12 may 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahına hucum planlaşdırılmışdi. İlk olaraq “Qardaşlıq” və digər yarımhərbi təşkilatların silahlıları binaya hucum etməli idilər. Silahlı qarşıdurma yaranan kimi hüquq-mühafizə orqanlarının xüsusi dəstələri hərəkətə keçəcəkdi. Biz hucumun dəqiq vaxtını da bilirdik: Mayın 12-dən 13-nə keçən gecə. Mayın 12-də Ayaz Mütəllibovun ad günü idi”.

N.Musyaevin sözlərinə görə, AXC-nin qərargahını könüllü gənclər qrupu müdafiə edirdi: “Ən yaxşı hazırlıqlı qrup Bülbül prospektində tanınmış bir incəsənət xadiminin evində sutkalıq növbə çəkirdi. Fövqəladə situasiya baş verərsə Əbülfəz Elçibəy AXC-nin qərargahından evakuasiya olunaraq bu mənzilə gətirilməli idi və sonrakı göstərişlər gələnə qədər burada saxlanılmalı idi. Bunu Elçibəydən, İsgəndər Həmidovdan və məndən başqa heç kim bilmirdi”.

N.Musayev bildirib ki, AXC-nin qərargahı hərbi baxımdan hucuma müqavimət üçün tam hazır vəziyyətdə idi. İstənilən silahlı hucumu dəf etmək üçün kifayət qədər qüvvə var idi: “Amma göstərilən vaxtda hucum təxirə salındı. Azərbaycanın hüquq-mühafizə orqanlarının bəzi rəhbərləri bu planı yerinə yetirməkdən imtina etdilər. Nazirlər özəl kanalla bu barədə AXC-yə məlumat göndərdilər. “Qurbanlıq” olmaq istəmədilər”.

Bundan sonra A. Mütəllibovun ətrafı onun Ali Sovetdə istefasının ləğv edilməsi prosesinə başladılar. 14 mayda Ali Sovetin fövqəladə sessiyası çağrıldı və iki ay əvvəl əl çalmaqla istefaya göndərdikləri prezident barədə qərarı ləğv etdilər.

İstefada olan polkovnikin sözlərinə görə, bu qərardan sonra xalq parlamentə doğru hərəkətə başlayıb: “AXC-nin parlamentə yürüş etmək barədə konkret qərarı yox idi. Orada fiir ayrılığı yaranmışdı. AXC qərargahı qarşısında ümumxalq mitinqi çağrıldı. Onun nəticələri əsasında qərar qəbul edilməli idi. Amma xalq səhər tezdən AXC qərargahının qarşısına axışmağa başladı”.

Mitinqə Bakıda yerləşən hərbi hissələrdən bir neçə hərbi texnikanın qoşulması vəziyyəti tam dəyişdirir. Bu hərbi hissənin komandiri Nizami Səfərov mitinqdə çıxış edərək Konstitusiya və xalqı müdafiə etmək bardədə qərarını elan edir. “Principcə xalq AXC-nin qərarı olmadan da Prezident Aparatına  gedəcəkdi. Qarmaqarışlıq və provokasiyanın olmaması üçün AXC mitinqi xalq yürüşünə çevirmək barədə qərar verdi”-deyə N.Musayev vurğulayıb.

 Onun sözlərinə görə, son günə qədər Ayaz Mütəllibovla danışıqlar aparıldı və onu belə  təhlükəli hərəkətlərdən çəkindirmək istəyiblər: “Amma onun ətrafı Mütəllibovu əks fəaliyyət göstərməyə inandırdı. Əgər Ayaz Mütəllibov qayıtsa idi ölkədə kütləvi həbslər başlayacaqdı. Bizə onun fəaliyyət planı detallarına qədər bəlli idi. AXC-yə qarşı kütləvi repressiaya başlamaq barədə xüsusi fərman hazırlanmışdı”.

Qeyd edək ki, 1992-ci ilin mayın 15-də bir gün əvvəl prezident səlahiyyətlərini bərpa edə bilmiş Ayaz Mütəllibova etiraz olaraq xalq yürüşü başlanıb və nəticədə prezident postundan devrilib. Bundan sonra A.Mütəllibov Moskvaya qaçıb və 20 il orada yaşayıb. 2012-ci ildə Azərbaycanda qəbul edilmiş eks-prezidentlər haqqında qanun ona şamil edildikdən sonra vətənə qayıdıb. Hazırda Bakı şəhərində yaşayır.

Azpost.info