“Bağdadda səfirliyə hücum Trampın hərəkətə keçməsinə səbəb olub. Bununla  ABŞ prezidenti Yaxın Şərqdə potensial münaqişəyə qapı açdı”. Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Qafqaz və Orta Asiya üzrə analitik Pol Stronski general Süleymaninin qətli ilə bağlı yaranmış böhranı Turan-a şərh edərkən deyib. “Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər?” sualının cavabında P.Stronski deyib ki, Qafqaza təsir edəcək böyük destabillik gözləmir. Lakin İranın cavab zərbəsi ABŞ-ın Qafqazdakı maraqlarına yönələ bilər: “Bu, Azərbaycanı və onun qonşularını narahat etməlidir. Vəziyyət region üçün iqtisadi risklərə də səbəb ola bilər”, - o deyib. “Azərbaycan özünü sakit aparmalıdır. İranın üçüncü ölkələrdə ABŞ-ın maraqlarına və vətəndaşlarına hücum etmək praktikası var. Əgər mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Vaşinqtonu inandırmağa çalışardım ki, mənim ərazim münasibətləri aydınlaşdırmaq üçün məkan deyil”, - P.Stronski deyib. Eyni zamanda əlavə edib ki, Fars körfəzi və bu region ölkələri qarşıdurmanın ən real sahəsi ola bilər.