ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun Aparatının informasiya sistemlərinə müdaxilə edildiyi aşkarlanıb.
Azpost.info bildirir ki, bu barədə “The New York Times” (NYT) qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
“Amerikalı rəsmilər və məsələ ilə tanış olan digər şəxslərin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Kəşfiyyat Direktorunun Aparatı bu yaxınlarda kiberhücum nəticəsində məlumat sızması aşkar edib. Hücum zamanı onların məxfi olmayan məlumatlarının bir hissəsi ələ keçirilib”, – nəşr yazır.
Bildirilib ki, hücuma məruz qalan sistem açıq mənbələrdən əldə edilən məlumatların təhlili üçün istifadə olunur. Buraya sosial şəbəkələrdəki məlumatlar, peyk görüntüləri və kommersiya şirkətləri tərəfindən satılan informasiyalar daxildir.
Hansı məlumatların ələ keçirildiyi hələlik məlum deyil. Bununla belə, məxfi materialların hücumdan zərər görmədiyi qeyd olunur.
N.Talıblı