Ukrayna pilotsuz uçuş aparatları noyabrın 25-nə keçən gecə Rusiyanın Samara vilayətinə kütləvi hücum edib.

Azpost.info bildirir ki, regionun rəhbəri Vyaçeslav Fedorışevin məlumatına görə, hava hücumundan müdafiə (HHM) qüvvələri və mobil atəş qrupları vilayət üzərində 145 dronu vurub.

Hücum nəticəsində 1 nəfər ölüb, dağıntılar qeydə alınıb. Qubernator hadisənin təfərrüatlarını açıqlamayıb. O, yalnız bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyini bildirib. Yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Onlar hava hücumu xəbərdarlığının hücum başladıqdan təxminən bir saat sonra verildiyindən şikayət ediblər.

Astra nəşrinin şahidlərin çəkdiyi görüntüləri təhlil etməsinə görə, dronların hədəfi “Rosneft” şirkətinə məxsus Sızran və Kuybışev neft emalı zavodları (NEZ) olub. Bu müəssisələr Samara vilayətinin ən böyük neft emalı zavodlarından sayılır.

İllik təxminən 8,9 milyon ton neft emalı gücünə malik Sızran NEZ-də hücumdan sonra güclü yanğın baş verib. Bu müəssisə daha əvvəl sentyabrın 15-də dron hücumuna məruz qalmışdı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin vaxt neftin ilkin emalı qurğusunun və rezervuar parkının zədələndiyini bildirmişdi. Bundan sonra zavod neft emalını dayandırmışdı.

Samara şəhərinin ərazisində yerləşən və ildə 7 milyon ton neft emal etmək gücünə malik Kuybışev NEZ-də də dron hücumundan sonra yanğın baş verib. Bu zavod daha əvvəl sentyabrın 22-də hücuma məruz qalmışdı. Həmin vaxt müəssisənin yanan rezervuarları kosmosdan görünmüşdü.

Ukrayna monitorinq kanalları ötən gecə Novokuybışev NEZ-in və “Transneft” şirkətinin “Samara” xətti üzrə istehsal-dispetçer stansiyasının da hücuma məruz qala biləcəyini bildiriblər. Yerli sakinlər sosial şəbəkələrdə bu obyektlərin yerləşdiyi ərazilərdə partlayışlar barədə yazıblar. Lakin xəbərin yayımlandığı vaxt hücumları və onların nəticələrini təsdiqləyən foto və videolar təqdim edilməyib.

Nadir Talıblı