İsveçrədə dondurulmuş Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) çatıb.
Azpost.info bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İsveçrə hakimiyyətinin məlumatına görə, yeni göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 15 faiz çoxdur. Həmin vaxt dondurulmuş Rusiya aktivlərinin dəyəri 7,4 milyard frank təşkil edirdi.
Agentliyin yazdığına görə, artım yeni aktivlərin dondurulması, eləcə də həmin aktivlərin bir qisminin qızıl formasında dəyərinin yüksəlməsi ilə bağlıdır.
Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qərb ölkələri Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiyanın qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyat və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatlar, həmçinin onun adından və ya tapşırığı ilə fəaliyyət göstərən hüquqi şəxslər, təşkilatlar və qurumlarla əməliyyatlar qadağan edilib.
Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində aktivlərini dondurub.
N.Talıblı