Duzun çox olduğu qidalanma qaraciyərin yağları emal etmə mexanizmini dəyişə, iltihaba səbəb ola və qaraciyər xəstəlikləri riskini artıra bilər.

Azpost.info bildirir ki, “Verywell Health” nəşri yeni tədqiqatlara istinadən bu barədə məlumat yayıb.

Siçanlar üzərində aparılan son araşdırma isə məsələyə daha bir məqam əlavə edib: qaraciyərdə yağın miqdarı artmasa belə, həddindən artıq duz qəbulu bu orqana zərər verə bilər. “Verywell Health” yazır ki, heyvanlar üzərində aparılan təcrübələrdə həm yağ, həm də natriumla zəngin qidalanma qaraciyərdə iltihabın və çapıq toxumasının yaranmasının güclənməsinə səbəb olub.

Orqanizmdə natrium səviyyəsini əsasən böyrəklər tənzimləyir. Lakin qida rasionunda duzun miqdarı digər orqanlara, o cümlədən qaraciyərə, ürəyə və beyinə də təsir göstərə bilər.

Los-Ancelesdəki USC Keck Medicine Tibb Mərkəzinin hepatoloqu və qaraciyər transplantasiyası üzrə mütəxəssisi doktor Brayan P. Li bunun səbəblərini izah edib. “Böyrəklər orqanizmin nə qədər natrium saxladığına nəzarət edir. Lakin bu, qaraciyərin natriumun təsirindən qorunduğu anlamına gəlmir. Natrium arterial təzyiqə, su-duz balansına, insulin müqavimətinə və bağırsaq mikroflorasına təsir edir. Bütün bu amillər müxtəlif yollarla qaraciyərə əlavə yük yarada bilər”, – deyə Li bildirib.

Həkim araşdırmanın nəticələrini birbaşa insanlara aid etməyə tələsmir. Onun sözlərinə görə, siçanlar üzərində əldə edilən bir çox nəticə sonradan insanlar üzərində aparılan sınaqlarda təsdiqlənmir. Nəşr də duzun qaraciyərə təsirini daha dəqiq müəyyənləşdirmək üçün insanlar üzərində əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayır.

Linin diqqətini çəkən əsas məqam duzun qaraciyərə yağ yığılmasını artırmadan da zərər verə bilməsidir. O, bu nəticəni metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyi (MASLD) olan pasiyentlərdə müşahidə etdikləri ilə müqayisə edib. Bu xəstəlik əvvəllər alkoqolsuz yağlı qaraciyər xəstəliyi adlandırılırdı. “Bu nəticə diqqətimi çəkdi. Çünki artıq çəkisi olmayan, lakin müalicə nəticələri daha pis olan bəzi arıq pasiyentlərdə müşahidə etdiklərimizə çox bənzəyir”, – deyə hepatoloq qeyd edib.

“Verywell Health” yazır ki, qidalanmada duzun miqdarına nəzarət etmək ümumi sağlamlığı və qaraciyərin normal fəaliyyətini dəstəkləyə bilər.

MASLD dünyada ən geniş yayılmış qaraciyər xəstəliyidir. Bu xəstəlik dünya əhalisinin 25-33 faizində müşahidə olunur.

Əgər duz qəbulu ilə qaraciyər zədələnməsi arasındakı əlaqə insanlar üzərində aparılacaq tədqiqatlarda da təsdiqlənərsə, bu, normal çəkisi olan bəzi insanlarda MASLD xəstəliyinin yaranmasını izah edə bilər. Belə olan halda duzun məhdudlaşdırılması yalnız qan təzyiqi və ürək sağlamlığı üçün deyil, qaraciyərin qorunması məqsədilə də ayrıca tövsiyə oluna bilər.

Sunay Aydın