"Litvanın Aİ Şurasına sədrliyi viza liberallaşması gündəliyinin irəli aparılması üçün yaxşı fürsətdir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Litvanın viza liberallaşması prosesinə dəstəyini yüksək qiymətləndirib və bunu Azərbaycanın mövqeyi ilə üst-üstə düşən mühüm mesaj adlandırıb: “Aİ-nin mövcud qaydalarına əsasən ayrı-ayrı üzv ölkələr müstəqil viza və viza liberallaşması siyasəti yürütmürlər, bu proses ümumilikdə Aİ adından və tərəfindən həyata keçirilir. Bununla belə, üzv ölkələrin mövqeləri böyük əhəmiyyət daşıyır".
Ceyhun Bayramov qeyd edib ki, Litva Respublikasının 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrlik edəcəyi nəzərə alınmaqla, bu mövzunun gündəlikdə irəli aparılması üçün yaxşı imkan yaranır və bu, qarşılıqlı faydalı inkişaf ola bilər.
Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri təkcə turizmlə məhdudlaşmır, xüsusilə təhsil və biznes sahələrində intensiv gediş-gəliş mövcuddur: “Viza liberallaşması bu əlaqələri asanlaşdırır və əlavə imkanlar açır. Hazırda Aİ üzv ölkələri vətəndaşlarının Azərbaycana səfərləri üçün sadə viza prosedurları, o cümlədən elektron qaydada ASAN Viza sistemi tətbiq olunur, lakin Azərbaycan bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına da hazırdır".
Son illərdə Azərbaycanın bir sıra ölkələrlə viza liberallaşması və qarşılıqlı viza ləğvi siyasətinin müsbət nəticələr verdiyini deyən nazir Aİ ilə də eyni rejimə malik olmağın vacibliyini və maraq doğurduğunu bildirib, həmçinin səsləndirilən dəstək mesajına görə təşəkkürünü ifadə edib. / APA/