Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İran Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əli Qüdərzinin həqiqətə uyğun olmayan açıqlamalarına cavab verib.
DSX-nın Mətbuat Mərkəzindən daxil olan məlumatda deyilir: “Son günlərdə İran İslam Respublikasının kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilmişdir.
Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır.
Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təkfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.
Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur.
Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmamışdır.
Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.