“Azərbaycan ABŞ-nın istəklərinə “yox” deməyi bacardı” –POLİTOLOQ RƏYİ

“ABŞ-Azərbaycan münasibətləri hər zaman enişli-yoxuşlu olub. Bu münasibətlərdə hər zaman Azərbaycan tərəfi qarşılıqlı maraqlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasətin tərəfdarı olub. Rəsmi Bakı heç zaman münasibətlərin pozulmasında təşəbbüskar olmayıb. Münasibətləri pozan tərəf hər zaman Vaşinqton olub”.

Bu sözləri Azpost.info-ya açıqlamasında politoloq Fuad Çıraqov deyib.

Analitik bildirib ki, ABŞ-nın hər zaman münasibətləri pozmasını şərtləndirən iki amil olub: “Birincisi, ABŞ-dəki erməni lobbisinin təsirləridir. Lobbinin təsirləri ABŞ-da müəyyən dövrlərdə artır, müəyyən dövrlərdə azalır. Xüsusən də ABŞ-dəki seçki dönəmində erməni lobbisinin təsirləri artır. İkincisi, böyük dövlətlərlə münasibətləri stabil saxlamaq elə də asan deyil. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, Amerika ilə ortaq maraqlarına cavab verən münasibətləri inkişaf etdirir. Amma “qırmızı xətlər” var ki, onların pozulması münasibətlərə də zərər verir. Böyük dövlətlərin hər zaman iştahaları da böyük olur. Onlar kiçik dövlətlərin maraqlarını gözardı edir və daha çox şey istəməyə çalışırlar. Həqiqi müstəqil dövlət odur ki, belə məqamlarda böyük dövlətlərə “yox” deyə bilir, prinsipiallıq nümayiş etdirir, “qırmızı xətlərinin” pozulmasına imkan vermir. Hesab edirəm ki, Azərbaycan ABŞ-nın istəklərinə “yox” deməyi bacardı”.

“Nəzərə almaq lazımdır ki, indi ABŞ-də seçkiöncəsi dövrə daxil olunur. Erməni lobbisinə nəsə göstərməlidirlər, deməlidirlər ki, erməniliyin, Ermənistanın maraqları üçün nəsə edirlər, Azərbaycana təzyiq göstərirlər. Amma Vaşinqton eyni zamanda, geosiyasi maraqlarının da təmin olunmasını istəyir. Rəsmi Bakı isə Vaşinqtona göstərdi ki, seçim etməlidirlər. Yəni həm erməni lobbisinin istəklərinə uyğun siyasət aparmaq, həm də geosiyasi maraqlarını Azərbaycanın maraqlarını gözardı edərək təmin etmək mümkün olmayacaq. Düşünürəm ki, Vaşinqtonda bunu anladılar. Blinkenin Prezident İlham Əliyevə zəngi də bunun nəticəsi idi”, – politoloq vurğulayıb.

F.Çıraqov bildirib ki, Azərbaycan ABŞ-ın gücünü də bilir, siyasətini də: “Amma hansısa ölkə regionda öz maraqlarını təmin etmək istəyirsə, ilk növbədə, Azərbaycanın milli maraqları ilə hesablaşmalıdır. Həmin ölkə Cənubi Qafqazla bağlı siyasətində mütləq Azərbaycanı unutmamalıdır və bu siyasətini Azərbaycanın maraqları hesabına etməməlidir. Azərbaycan prinsipial mövqeyi ilə bir daha bunu nümayiş etdirdi”.

Qeyd edək ki, noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Prezident qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Anar ABDULLA

Azpost.info

 

 

 

 

Əvvəlki məqalə

“İrəvan özünü elə göstərir ki, guya sülh üçün tələsir” –

Sonrakı məqalə

Hərbçilərin ərzaq pulu bu qədər artırılacaq –