Azərbaycan sülh müqaviləsinin ilin sonuna kimi bağlanacağına ümid edir- Prezidentin köməkçisi

Azərbaycan Ermənistanla sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan rəsmi İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üçün beynəlxalq vasitəçilərin töhfəsini yüksək qiymətləndirir: “Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycan hələ də cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edir və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq. Ermənistan sülh müqaviləsinə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin Qarabağ iqtisadi rayonu da daxil olmaqla, rəsmi şəkildə tanısın, gələcəkdə Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmək barədə üzərinə öhdəlik götürsün”.

Hikmət Hacıyev onu da qeyd edib ki, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə qarşılıqlı təmas daxili məsələdir, həmin əhali qrupunun hüquq və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi altında, Ermənistanın beynəlxalq platformalara çıxarmaq cəhdləri də ölkəmizin daxili işlərinə qarışmaqdır: “Onlar bizim vətəndaşlarımızdır və onların hüquqlarını, təhlükəsizliyini Azərbaycan Respublikasının Konstitusiyası təmin edəcək”.

H. Hacıyevin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindəki separatçı rejimi maliyyələşdirmək siyasətindən əl çəkməlidir.

Hikmət Hacıyev Rusiyanın fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında genişmiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasının təmin edilməsi prosesində rəsmi Moskvanın rolunu son dərəcə vacib adlandırıb və əlavə edib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər: “Danışıqların hər bir forması ümumilikdə özünəməxsus şəkildə unikaldır və Bakı ilə İrəvan arasında ən problemli məsələlər üzrə dialoqların aparılmasına kömək edir”.

Əvvəlki məqalə

“Bakı nə Ermənistanla, nə də üçüncü ölkə ilə bunu müzakirə etməyəcək” –

Sonrakı məqalə

“Tarif Şurasının qərarı dərman vasitələrinin aşağı qiymətə alınmasına imkan verəcək”