“Azərbaycan öz bölmələrini Fərrux qəsəbəsindən çıxarıb” –Rusiya Müdafiə Nazirliyi

“Danışıqlardan sonra Azərbaycan öz bölmələrini Qarabağın Fərrux qəsəbəsi ərazisindən çıxarıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlamasında bildirilib.

Məlumat Dağlıq Qarabağ münaqişəsində Rusiya sülhməramlılarının fəaliyyətinə dair bülletenində açıqlanıb.

“Danışıqların nəticələrinə əsasən, Azərbaycan tərəfi öz bölmələrinin Fərrux qəsəbəsi ərazisindən çıxarılmasını həyata keçirib”, – deyə məlumatda deyilir.

Məlumatda bildirilir ki, sülhməramlı kontingenti münaqişə tərəflərinin birgə səyi ilə vəziyyət sabitləşib.

Sülhməramlılar Əskəran,Ağdərə, Xocavənd və Şuşa rayonları üzə patrul xidmətini həyata keçirib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda dislokasiya yerlərinin dəqiqləşdirilməsi haqqında rəsmi açıqlama yaymışdı.

Məlumatda deyilirdi ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Müdafiə Nazirliyi həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirmişdi.

Nazirliyin digər bəyanatıda deyilrdi ki, martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb. “Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir”.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir: “Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”-deyə Müdafiə Nazirliyinin bəyanatında vurğulanırdı.

Əvvəlki məqalə

Ukrayna-Rusiya danışıqları Türkiyədə keçiriləcək

Sonrakı məqalə

Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb