“Azərbaycan və Ermənistan nümayəndələrinin təkbətək danışıqları müsbətdir”

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və delimitasiya ilə bağlı komissiyaların iclasından, görüşlərdən gözləntilər böyük olsa da, yüksək nəticələr əldə edilmədi.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərliyi ilə komissiyaların beşinci iclası noyabrın 30-da sərhədin Qazax istiqamətində baş tutub.  Görüşdən sonra verilən açıqlamalarda qeyd edilib ki, tərəflər iclasları və görüşləri davam etdirmək üçün razılığa gəliblər.

Sərhədlə bağlı görüşü Azpost.info saytına dəyərləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, belə görüşlərə biz nisbətən skeptik yanaşlamlıyıq: “Ona görə ki, Ermənistan dəfələrlə vəd verib, amma bu vədlərin arxasından qaçan dövlətdir. Delimitasiyaya gəlincə, bu, çox uzun bir prosesdir. Məsələn, Rusiya ilə, Gürcüstanla münasibətlərimiz hər zaman yaxşı olub, amma bu ölkələrlə də delimitasiya başa çatmayıb. Demək istədiyim odur ki, bu proses uzun müddət, bəlkə də onilliklər sürə bilər. Ona görə də Ermənistanla sərhədlərin delimitasiyasının qısa vaxtda başa çatacağını gözləmirik”.

“Delimitasiya sərhəddə xəritələr üzrə razılığa gəlinmədir. Əvvəlcə Azərbaycan və Ermənistan hansı xəritələr üzərində razılığa gələcəklərini dəqiqləşdirməlidirlər. Məlumdur ki, bununla bağlı da müəyyən fikir ayrılıqları var”, – deyə millət vəkili vurğulayıb.

Deputat qeyd edib ki, komissiyaların görüşü, müzakirələr özlüyündə müsbət məqamdır: “Pozitiv cəhət ondan ibarətdir ki, Ermənistan son üç ildə, yəni danışıqlar başladığı gündən bu yana vasitəçi arzusuna düşüb. Gah Fransanı, gah Rusiyanı, gah ABŞ-ı, gah da Avropa Birliyini. Nəticə etibarilə də danışıqlar heç bir effektiv nəticə verməyib. Yəni Ermənistan müstəqil subyekt kimi davranmır, kiminsə kölgəsində dayanır. Amma sərhədlə bağlı Azərbaycan və Ermənistan nümayəndələrinin təkbətək danışıqları müsbətdir. Bu da İrəvanın Azərbaycan Prezidentinin müəyyən etdiyi gündəlik üzrə hərəkət etməsi deməkdir”.

“Bu prosesin nə ilə nəticələnəcəyi barədə Ermənistan daha çox düşünməlidir. Çünki bu gün şərti sərhədlərdə üstünlük Azərbaycandadır. Əgər delimitasiya, bunun nəticəsində demarkasiya aparılmayıbsa, kim hansı sənədə əsasən deyə bilər ki, sərhəd haradan keçir. Ona görə də, Ermənistan düşünməli, prosesin irəli getməsində maraqlı olmalıdır”, – deputat fikrini tamamlayıb.

Anar ABDULLA

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.