Azərbaycanda əczaçılıq sənayesi uğurla inkişaf edir

 Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır.

Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir.

Əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.

Prezident İlham Əliyev 2023-cü ildə Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.

Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.

Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq.

Müəssisənin illik istehsal gücü 20 milyon litrdir.

Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.

Həmçinin, 31 iyul 2023-cü il tarixində AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında ölkəmizdə daha bir əczaçılıq müəssisəsinin yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bunun nəticəsi olaraq, 7 dekabr 2023-cü il tarixində Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi olub. Zavod fəaliyyətə başladıqdan sonra 50 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.

Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin İdarə Heyətinin sədri Abidin Gülmüş öz açıqlamasında deyib ki, zavodun 2026-cı ilin ortasında fəaliyyətə başlaması planlaşdırılır.

Bundan başqa  İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax”da əczaçılıq bazarına maraq göstərib. Ələt Azad İqtisadi Zonasında “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.

“BioPharmax” şirkəti   biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, “BioPharamax” bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.

Digər rezident  “R-Pharm” MMC tərəfindən şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton MR” (qliklazid) preparatının istehsalına başlanılıb. Gələcəkdə müəssisədə onkoloji, HİV/QİÇS-in, qan və sinir sistemi, ürək-damar sistemi və sair xəstəliklərinin müalicəsinə yönəlmiş dərman preparatlarının istehsalı planlaşdırılır.

Pirallahı Sənaye Parkında fəaliyyət göstərən digər müəssisə isə  “Parla Pharmaceuticals”dır. İlkin mərhələdə burada 100-dək adda dərman vasitəsinin istehsal ediləcəyi bildirilsə də hazırda müəssisənin veb saytında 3 adda məhsulun istehsal olunduğu qeyd edilib.

Ekspertlər hesab edir ki, Azərbaycanın öz dərman zavodunun olması ölkənin bu sahə üzrə tanınmasına səbəb olacaq. Bununla yanaşı, Azərbaycanda dərman istehsal olunması yerli tələbatı təmin etməklə yanaşı, dərmanlar ixrac da edilə bilər.

Deputat Vüqar Bayramovun sözlərinə görə,  atılan addımlar bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Bır sıra dərman məhsulların real qiymətləri ucuzlaşa bilər. Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, dərman sənayesi iqtisadiyyata ən çox gəlir gətirən sahələrdən biridir.

İqtisadçının sözlərinə görə, Azərbaycanda yerli dərman preparatlarının istehsal olunması təqdirəlayiq haldır.  Ekspertin fikrincə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər. “Ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı, həmçinin, yeni iş yerlərinin açılması deməkdir”.

Deputat Cavanşir Feyziyevin sözlərinə görə, orijinal dərman preparatlarının istehsalından danışmaq olmaz. Çox azsaylı ölkələrdə orijinal dərman preparatlarının istehsalı mövcuddur. Bu, ilk növbədə fundamental əczaçılıq elminin, onun ənənələrinin mövcud olduğu ABŞ, Yaponiya və bir neçə Qərbi Avropa ölkələridir. Bu ölkələrdə əczaçılıq sahəsində uzun illər ərzində elmi tədqiqatlar aparılır, müxtəlif təyinatlı dərman preparatlarının kimyəvi-bioloji formulası icad olunur, bir neçə mərhələdən ibarət sınaqlardan keçirilir və daha sonra onun istehsalına qərar verilir. Həmin institutların müəlliflik hüququnu qoruyan patent müddəti ərzində həmin tərkibli dərman preparatı yalnız patent sahibinin icazə verdiyi istehsal müəssisəsində istehsal oluna bilər.

Adətən, bütün patent dövründə həmin dərman preparatı ən baha qiymətə satılır və onun tapılması üçün onilliklər ərzində çəkilən tədqiqat xərcləri geri qaytarılır. Bu müddət başa çatdıqdan sonra preparatın kimyəvi tərkibi bütün istehsalçılar üçün açıq elan olunur və o tərkibli dərman preparatı bu fəaliyyət üçün müvafiq icazəsi olan istənilən istehsalçı tərəfindən istehsal oluna bilər.

Bu şəkildə istehsal olunan dərmanlar generik dərman preparatları adlanır və ölkəmizdə tikilən zavodlarda da generik dərman preparatları istehsal olunacaq. Məsələn, keçmiş sovetlər ərazisində orijinal dərman preparatı istehsal edən müəssisə olmayıb və bu gün də yoxdur.

Deputat deyib ki, yeni yaradılan sənaye zonalarında fəaliyyət göstərəcək istehsal müəssisələri ilk 7 il müddətinə bütün vergilərdən azaddır. Digər tərəfdən, məhsulların Bakıda istehsalı onun nəqliyyat və logistika xərclərini minimuma endirir. Ona görə yerli müəssisələrdə istehsal olunan istənilən əmtəə növü, o cümlədən dərman preparatları idxal olunan qiymətlərdən kifayət qədər aşağı ola bilər.

C.Feyziyev bildirib ki, hazırda ölkəmizin əczaçılıq bazarında olan dərman preparatlarının sayı 10 mindən bir qədər artıqdır və bunların demək olar ki, hamısı idxal olunur. Bununla belə, mütəxəssislər tərəfindən yaxşı tanınan və ən çox istifadə olunan dərmanların sayı təxminən 500-dür.

Bu baxımdan, ilk növbədə, istehsal ediləcək məhsullar üzrə idxaldan asılılığın aradan qalxmasına nail olunacaq ki, bu da müxtəlif səbəblərdən vaxtaşırı olaraq əczaçılıq bazarında hiss olunan qıtlıq problemini həll edəcək.

“Həmin zavodların ölkəmiz üçün faydalı olacağı təkcə bununla bitmir. Bu həm də yeni iş yerlərinin yaranması, ölkə daxilində mümkün xammal ehtiyatlarının istehsala cəlb olunması ilə yeni xammal istehsalı sahələrinin yaranmasını stimullaşdıra bilər.

Mütəxəssislər hesb edir ki, Azərbaycanda dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var. Onların fikrincə, əczaçılıq müəssisələrinin yaradılması dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər. Azərbaycanda belə müəssisələrin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var. Azərbaycanda dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslar var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər.

Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirmək olar.

Deputat Musa Quliyevin fikrincə, Azərbaycanda dərman istehsalına başlanması dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, yaranacaq rəqabətdə ölkəyə dərman idxal edən şirkətlər eyni tərkibli daha keyfiyyətli və ucuz dərmanları gətirməkdə maraqlı olacaqlar. Deputat həmçinin deyib ki, Azərbaycanda çox zəngin təbii dərman bitkiləri var: “Ölkədə dərman istehsalı zavodunun olması bu dərman bitkilərinin xammal kimi istifadəsinə şərait yaradacaq. Həm də kənd əhalisinin məşğulluğu artacaq. Dərman bitkilərinin qış aylarında istixana şəraitində böyüdülməsinə maraq yaranacaq ki, bu da kənd təsərrüfatının inkişafına təkan verəcək”.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Vüqar Məhərrəmovun fikrincə, dərman sənayesinin inkişafı ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir. Ölkədə keyfiyyətli dərman istehsalı və ixracı üçün hər cür şəraitin olduğunu deyən V.Məhərrəmov peşəkar kadr məsələsini vacib sayır. Onun sözlərinə görə, savadlı, peşəkar kadrlarımız, əczaçılarımız olsa da onların təkmilləşməyə ehtiyacı var. Azərbaycan Dövlət Tibb Universitetindən hər il 60-ya yaxın əczaçı məzun olur. Əczaçılıq sahəsi də digər sahələr kimi ilbəil inkişaf edir. Hər il yeni avadanlıqlar, yeni texnologiyalar çıxır ki, bunlar araşdırılmalıdır. Peşəkar kadrlarımız var, lakin, düşünürəm ki, mütəxəssislərimiz mütləq qaydada Avropada, Amerikada bu sahədə çalışan peşəkarlarla birgə xüsusi təlimlərdə iştirak edib, onların təcrübələrindən faydalansalar perspektivlər daha da artar”.

Ekspertlər hesab edir ki, Azərbaycanda dərman istehsalının bir çox üstünlükləri var. Müvafiq standartlara uyğun şəkildə istehsal olunacaq dərmanlar əhalinin istənilən təbəqəsi üçün əlçatan olacaq, kifayət qədər ehtiyat dərman bazası yaranacaq, eyni zamanda dərmanların “Made in Azərbaycan” brendi altında digər ölkələrə ixracı mümkün olacaq.

G.Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb

 

 

Əvvəlki məqalə

Xalq artisti Məlik Dadaşovun anadan olmasından 100 il ötür

Sonrakı məqalə

Antalyada Zevs və Afroditanın heykəlləri tapılıb