“Azərbaycanda hələlik COVID-19-un yeni ştammı aşkarlanmayıb”

12 Fevral 2021 - 14:48

“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.

Bunu APA-ya V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, Türkiyədə Cənubi  Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: “Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna  baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil”.

Həkimin sözlərinə görə,  Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır: “Bununla bağlı bizim kifayət qədər təchizatımız var. Aylardır TƏBİB tərəfindən bunlar təşkil olunub. Bu, genom analizi ilə müəyyənləşdirilir”.