“İyun ayının sonundan etibarın koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma müşahidə edilir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məhdudiyyətlərin nəticəsində olub: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik”.
“Bu gün hökumətlə iclas keçirdik və onlara ilkin tövsiyələrimizi verdik. Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq”- deyə Hande Harmancı deyib.
Onun sözlərinə görə, həmin sənəd qiymətləndirmənin ətraflı təsvirini, ÜST-nin lazım olduqda əlavə yardım göstərə bilməsi ilə bağlı məlumatlarını və tövsiyələrini özündə ehtiva edəcək. (Report)