Şeyxülislamdan məktəblərdə hicab müzakirələrinə münasibət –“Qərarda bu söz yoxdur”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib. O, qəbul edilən qərarda “hicab” ifadəsinin yer almadığını vurğulayaraq, məsələ ətrafında dövlətlə dindarlar arasında qarşıdurma yaratmaq cəhdlərinin olduğunu deyib.

Azpost.info xəbər verir ki, Allahşükür Paşazadə REAL TV-yə açıqlamasında müzakirə mövzusuna çevrilən qərarda “məktəbli geyimi” ifadəsinin işlədildiyini bildirib. “Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda “hicab” sözü yoxdur. “Məktəbli geyimi” var. Amma buna “hicab” adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir”, – QMİ sədri bildirib.

“Dövlətlə dindarlar arasında uçurum yaratmaq istəyirlər”

Allahşükür Paşazadənin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən və mənəvi dəyərlərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar. “İnsanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram”, – o qeyd edib.

QMİ sədri hesab edir ki, hicab ətrafındakı müzakirələrdən dövlətlə dindarlar arasında qarşıdurma yaratmaq üçün istifadə olunur. “Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır”, – Allahşükür Paşazadə vurğulayıb.

İşğal dövründə dağıdılan məscidləri xatırladıb

QMİ sədri işğal dövründə Azərbaycan ərazilərində məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən fotoları dünya ictimaiyyətinə, o cümlədən müsəlman ölkələrinə göndərdiyini xatırladıb. “Ermənilər gəldilər, dağıtdılar, məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər”, – QMİ sədri deyib.

Allahşükür Paşazadə qarşıdurma yaratmağa çalışan şəxslərə müraciət edərək, bu cəhdlərin nəticə verməyəcəyinə inandığını bildirib. O, Azərbaycanın əldə etdiyi nailiyyətləri və vətəndaşların həyat tərzini qəbul edə bilməyən qüvvələrin olduğunu da iddia edib.

Dindarlara səbir çağırışı

QMİ sədri məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini bildirib. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də vurğulayıb.

Allahşükür Paşazadənin fikrincə, məktəbli geyimi ilə bağlı müzakirələri dini çərçivədən çıxararaq dövlətçiliyə qarşı siyasi qarşıdurmaya çevirmək cəhdləri qəbuledilməzdir. “Biz dindarlar bu gün öz dövlətimizin və dövlət başçısının yanındayıq. Çünki deyilən məsələlər dini səpkidən çıxarılaraq dövlətə, dövlətçiliyə və dövlət düzəninə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu, qəbuledilməzdir”, – o bildirib.

QMİ sədri bütün dindarları səbirli olmağa və dövlətçiliyi dəstəkləməyə çağırıb. O, şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə də qarşı çıxaraq deyib: “Bu dövlət bizə şəhidlərin əmanətidir, şəhid analarının əmanətidir”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.