Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərar verirb.
Qərara əsasən, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb.
“Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və tərkibi təsdiq edilib.
Qərarla Kosmik Məsələlər üzrə Şura Azərbaycanda kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə yaradılıb. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir. Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi təsdiq edilib.
Qərara əsasən Kosmik Məsələlər üzrə Şurasının tərkibi aşağıdakı kimidir:
1. İqtisadiyyat naziri
2. Fövqəladə Hallar naziri
3. Maliyyə naziri
4. Kənd Təsərrüfatı naziri
5. Ekologiya və Təbii Sərvətlər naziri
6. Milli Aviasiya Akademiyasının rektoru
7. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
8. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
9. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri
10. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru
11. Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.