Süni intellektdən sui-istifadə və nüvə müharibəsi XXI əsrin sonuna qədər bəşəriyyətin yox olmasına gətirib çıxara bilər.
Bu barədə The Lancet jurnalının qarşıdakı 75 il ərzində qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının hesabatında deyilir.
Ekspertlər iqlim böhranı, havanın çirklənməsi, uşaqlar arasında qidalanma çatışmazlığı və yoxsul ölkələrə beynəlxalq yardımın azaldılması da daxil olmaqla, 17 əsas risk müəyyən ediblər. Tədqiqat müəllifləri vurğulayırlar ki, süni intellekt və nüvə münaqişəsi ilə bağlı fəlakətli ssenarilərin başvermə ehtimalı aşağı olaraq qalır. Lakin onların nəticələri o qədər genişmiqyaslı ola bilər ki, bütün bəşəriyyətin mövcudluğunu təhlükə altına salar.
Xüsusilə, süni intellektin köməyi ilə yaradılmış bioloji silahın tətbiqi fəlakətə səbəb ola bilər. Nüvə müharibəsi isə nüvə qışına gətirib çıxara bilər: atmosferin yuxarı qatlarına böyük miqdarda hissəciklərin yayılması günəş işığının qarşısını alar, temperaturun aşağı düşməsinə və aclığa səbəb olar.
Hesabatla birlikdə dərc olunan redaksiya məqaləsində The Lancet elmi jurnalı xəbərdarlıq edib ki, bu cür ssenarilərin reallaşması bəşəriyyət üçün apokaliptik miqyaslı fəlakət demək olardı. Komissiya təhlükələri DALY göstəricisi vasitəsilə qiymətləndirib. Bu göstərici vaxtından əvvəl ölüm, xəstəliklər və əlillik səbəbindən itirilən sağlam həyat illərinin sayını ifadə edir.
Tədqiqatçıların hesablamalarına görə, böyük fəlakət təhlükələri kateqoriyasına aşağıdakılar da daxildir:
havanın çirklənməsi;
bakteriyaların antibiotiklərə davamlılığı;
uşaqlar arasında qidalanma çatışmazlığı;
iqlim dəyişiklikləri;
ənənəvi silahlı münaqişələr;
xarici yardımın azaldılması;
alkoqoldan həddindən artıq istifadə;
yüksək qan təzyiqi;
gəlir bərabərsizliyi;
təhsil səviyyəsinin aşağı olması;
təbii pandemiyalar;
piylənmə;
psixi pozuntular;
siqaret çəkmək;
sağlamlığın pisləşməsi ilə müşayiət olunan qocalma.
Bu təhlükələrin hər biri ümumilikdə bir milyard ildən çox sağlam həyatın itirilməsinə səbəb ola bilər.
Komissiya ən ciddi risklərdən biri kimi səhiyyə sahəsində beynəlxalq yardımın kəskin azalması ehtimalını göstərib. Ekspertlərin qiymətləndirməsinə görə, bu yardımın dayanması və ya əhəmiyyətli dərəcədə azalması 2100-cü ilədək 1,5 milyard ilədək sağlam həyatın itirilməsinə gətirib çıxara bilər.
Bu itkilərin təxminən 70 faizi Saxaradan cənubda yerləşən Afrika ölkələrinin payına düşəcək. Son bir il ərzində ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir sıra iri donorlar xarici yardıma ayrılan xərcləri əhəmiyyətli dərəcədə azaltmaq barədə açıqlama veriblər.
Tədqiqatçılar müxtəlif iqlim ssenarilərinin nəticələrini də qiymətləndiriblər. Qlobal istiləşməni təxminən 1,8 dərəcə Selsi ilə məhdudlaşdırmaq mümkün olarsa, temperaturun 4,4 dərəcə yüksəldiyi ssenari ilə müqayisədə sağlam həyat itkiləri 1,89 milyard il az ola bilər.
Təhlükələrin xarakteri əhalinin gəlir səviyyəsindən asılı olaraq dəyişir. Daha zəngin regionlarda piylənmə kimi qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq problemləri mühüm rol oynayır. Gəlirlərin aşağı olduğu ölkələrdə isə təhsil səviyyəsinin aşağı olması sağlam həyat itkilərinin ciddi səbəblərindən biri olaraq qalır.
Komissiyanın həmsədri, Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutunun direktoru Kristofer Mürrey vurğulayıb ki, hazırkı rəhbərlərin qəbul etdiyi qərarlar gələcək nəsillərin sağlamlığını və rifahını müəyyən edəcək.
Komissiyaya 35 ekspert daxil olub. Onlar hökumətləri təhlükələrin böhrana çevrilməsini gözləməməyə, yeni texnologiyalara əvvəlcədən investisiya yatırmağa, səhiyyə sistemlərini gücləndirməyə, mümkün fəlakətlərin proqnozlaşdırılması, qarşısının alınması və onlara hazırlıq üçün resurslar ayırmağa çağırıblar.
Müəlliflər yeni məlumatları və yaranan riskləri nəzərə alaraq təhlükələrin siyahısını yenidən nəzərdən keçirməklə qiymətləndirməni hər il yeniləməyi planlaşdırırlar.
N.Talıblı