İntensiv nəfəs məşqləri beyində qan axınını təxminən yarıya qədər azalda və neyron şəbəkələri arasındakı qarşılıqlı əlaqəni dəyişə bilər.
Medical Xpress yazır ki, bu nəticəyə intensiv nəfəs texnikalarından istifadə edən insanların beyin fəaliyyətini araşdıran tədqiqatçılar gəliblər.
Eksperiment iştirakçıları psixodelik maddələrin bəzi təsirlərini xatırladan qeyri-adi şüur vəziyyətləri yaşadıqlarını bildiriblər. Bunlara qavrayışın dəyişməsi, parlaq zehni obrazlar, dünya ilə vahidlik hissi və insanın özünü qavramasında dəyişikliklər daxildir.
Tədqiqatın nəticələri Münhendə Avropa Neyropsixofarmakologiya Kollecinin (ECNP) konqresində təqdim olunub.
Eksperimentdə intensiv nəfəs praktikalarında əvvəllər də iştirak etmiş 30 sağlam insan yer alıb. İştirakçılar məşqləri yerinə yetirərkən alimlər maqnit-rezonans tomoqrafiyası vasitəsilə onların beyinlərini skan ediblər.
Məlum olub ki, iştirakçıların beyninin boz maddəsində qan axını orta hesabla təxminən 45 faiz azalıb. Göstərici dəqiqədə hər 100 qram beyin toxumasına düşən 16,24 millilitrdən 9,81 millilitrə enib.
Eyni zamanda, şüur vəziyyətində daha güclü dəyişikliklər yaşadığını bildirən iştirakçılarda beynin passiv iş rejimi şəbəkəsi adlanan sisteminin fəaliyyətində də daha nəzərəçarpan dəyişikliklər müşahidə olunub. Bu sistem insanın özünü təhlil etməsində və özü haqqında düşünməsində iştirak edir.
Tədqiqatçıların fikrincə, qeyri-adi hisslər təkcə beynin qanla təchizatının azalması ilə deyil, daha çox onun neyron şəbəkələri arasındakı qarşılıqlı əlaqənin dəyişməsi ilə bağlı ola bilər.
Tədqiqatın rəhbəri, Almaniyanın Mannheim şəhərində yerləşən Mərkəzi Psixi Sağlamlıq İnstitutunun əməkdaşı Kristian Şmits bildirib: “İntensiv nəfəs məşqləri ilə məşğul olan bir çox insan qavrayışlarında və özünü hiss etmə tərzində dərin dəyişikliklər yaşadıqlarını bildirir. Lakin bu dəyişikliklərin arxasında dayanan beyin mexanizmləri kifayət qədər öyrənilməyib”.
İştirakçılar yaşadıqları təcrübələri tədqiqatçıların orta və ya yüksək dozada LSD və ya psilosibin qəbulundan sonra yaranan vəziyyətlərlə müqayisə etdikləri hisslərə bənzədiblər. Bəzi iştirakçılar hətta “okeanik hiss” adlanan vəziyyət yaşayıblar. Bu, insanın özünü Kainatla vahid hiss etməsi kimi təsvir olunur. Bununla belə, görmə ilə bağlı effektlər psixodelik maddələrin təsiri zamanı yaranan effektlərdən daha zəif olub.
Müəlliflər hesab edirlər ki, intensiv nəfəs praktikaları şüurun dəyişmiş vəziyyətlərini öyrənmək üçün əlçatan, dərman vasitələrindən istifadəni tələb etməyən üsula çevrilə bilər. Gələcəkdə bu istiqamətdə aparılan araşdırmalar psixi sağlamlığın qorunması üçün yeni yanaşmaların tapılmasına kömək edə bilər.