Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər görülüb

Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər görülüb.

Bu barədə “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”də deyilir.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2022-ci ilin fevralın 21-də Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalandı.

Sərəncamla tapşırıldı ki, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin və ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri artırılsın.

İdxal inflyasiyasının təsirinin azaldılması məqsədilə idxal edilən və minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması da tapşırıqlar sırasına daxildir.

Nazirlər Kabinetinin 21 fevral 2022-ci il tarixli sərəncamı ilə müəyyən edilən işlərin sürətli icra edilməsi üçün hökümət çevik addımlar atdı. Qısa müddət ərzində Sərəncamdan irəli gələrək tədbirlər planı təsdiq edildi və hökümətin bütün aidiyyəti qurumları operativ addımların atılması üçün bir araya gəldi. Artıq sərəncamdan qısa müddət sonra Nazirlər Kabinetinin 18 mart tarixli 103 nömrəli Qərarı qəbul edildi.

Qərarla minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər müəyyənləşdirildi. Müəyyən edilən ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilib. Bununla da əsas ərzaq məhsulları üzrə 90 günlük ehiyatların yaradılması istiqamətində vacib işlər görülüb.

Əvvəlki məqalə

Ceyhun Bayramov Blinkenin Qafqaz üzrə baş müşaviri ilə görüşüb

Sonrakı məqalə

Ötən il Azərbaycanda illik inflyasiya neçə faiz olub?